Son yeniləmə: 19 Yanvar 2024 09:20
BAYRAQDAR MEDİA – Türkiyənin paytaxtı Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın qardaş ölkədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, “tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə TADİV-in Şuşa Konfrans Mərkəzində təşkil edilib. Əvvəl şəhidlərin xatirəsi yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib”.
Məluumata görə, mərasimdə 20 Yanvar faciəsinə həsr olunan qısametrajlı film və bu qanlı hadisədən sonra Türkiyənin İğdır vilayətində keçirilən Azərbaycana dəstək mitinqinin görüntüləri nümayiş etdirilib.
Sonra Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADİV-in və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım və Mərmərə Qrupu Strateji Tədqiqatlar Mərkəzinin sədri Akkan Suver çıxış ediblər.
Natiqlər Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra ərazi bütövlüyü naminə uzun müddət mübarizə apardığını və bu müqəddəs amal uğrunda mübarizədə minlərlə Vətən övladının canlarından keçdiyini bildiriblər.
Çıxışlarda 30 il işğal altında qalmış torpaqların azad edilməsi ilə həm də 20 Yanvar şəhidlərin ruhunun şad olduğu xüsusilə vurğulanıb.
O da qeyd edilib ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik tarixinin əsasını qoyub.
Qeyd edək ki, tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb.
Anım mərasimində Türkiyənin dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, orada yaşayan azərbaycanlılar və bu ölkədə təhsil alan hərbçilərimiz iştirak ediblər.