Son yeniləmə: 19 Yanvar 2024 10:04
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Eskişehir şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.
Bildirilib ki, “Dərnəyin təşkilatçılığı ilə keçirilən tədbir iki qardaş ölkənin şəhidləri, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb”.
Sonra çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu 20 Yanvar faicəsi ilə bağlı ətraflı məlumat verib.
Çıxışda Azərbaycan xalqının silahlı sovet ordusuna qarşı necə silahsız mübarizə apardığı qeyd edilib.
S.Yaquboğlu vurğulayıb ki, 20 Yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, o gün yaşananların ağrısı-acısı hələ də unudulmur: “Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçənlərin əziz xatirəsi hər zaman yad ediləcək. Bu gün müstəqil, qalib Azərbyacan həm də 20 Yanvar şəhidlərinə borcludur”.
Tədbirdə çxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva deyib ki, 20 Yanvar Azərbaycanın müasir tarixində həm faciəli, həm də qürurlu günlərdən biridir: “Çünki həmin tarixdə yaşlı, qadın, uşaq demədən hər bir azərbaycanlı ayağa qalxaraq azadlıq və müstəqillik uğrunda mübarizədən geri dönüşün olmayacağını bütün dünyaya nümayiş etdirdi”.
A.Qocayeva 2020-ci il 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərlə eyni zamanda 20 Yanvar şəhidlərinin də qisasının alındığını bildirib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən həmin tarixi Zəfər 2023-cü ilin sentyabrında həyata keçirilən və heç bir gün də çəkməyən lokal xarakterli antiterror tədbirləri ilə daha da taclandırıldı. Bütün ölkə ərazisində suverenliyimiz bərpa edildi. Bu baxımdan 7 fevralda keçirləcək növbədənkənar prezident seçkiləri mühüm önəm kəsb edir”.
Programın sonunda 20 Yanvar faciəsi haqqında videoçarx nümayiş etdirilib.