Press "Enter" to skip to content

Prezident seçkilərinə hazırlıq davam edir

Onlayn seminar

Son yeniləmə: 18 Yanvar 2024 15:18

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media nümayəndələrinə “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda onlayn seminar keçirilib

BAYRAQDAR MEDİA – 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərini əhatə edən silsilə maarifləndirmə tədbirləri davam etdirilir. Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 18-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media nümayəndələrinə “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda onlayn seminar keçirilib.

BAYRAQDAR MEDİA-ya bu barədə verilən məlumatda bildirilib ki, “seminarın təşkilində əsas məqsəd media nümayəndələrinin Prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsidir. Seminarda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesini işıqlandıran zaman jurnalistlərin hansı prinsiplərə əsaslanmalı olduqlarını qeyd edib”.

Məlumata əsasən, “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə diqqət çəkən Natiq Məmmədli media nümayəndələrinin, eyni zamanda, peşə etika qaydalarına riayət etmələrinin vacibliyini vurğulayıb: “Onlayn seminarda çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələrindən danışıb. Qeyd edib ki, MSK nəzdində fəaliyyət göstərən və əsasən jurnalistlərdən ibarət olan Mətbuat qrupu mediada seçkiqabağı təşviqat üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarəti həyata keçirir”.

Onlayn seminarda seçki prosesini işıqlandıran zaman jurnalistlərin hansı prinsiplərə əsaslanmalı olduqları qeyd edilib
Onlayn seminarda seçki prosesini işıqlandıran zaman jurnalistlərin hansı prinsiplərə əsaslanmalı olduqları qeyd edilib

Sonra çıxış edən MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələrindən danışıb. O, iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın fəaliyyəti barədə ətraflı məlumat verib.

Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Mission News Theme by Compete Themes.