BAYRAQDAR MEDİA – Yanvarın 22-də Azərbaycan Diasporuna Dəstək Fondu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və İstanbul Universitetinin təşkilatçılığı ilə azərbaycanlı yazıçı, jurnalist, araşdırmaçı, kolleksiyaçı Dilqəm Əhmədin “Türkiyədəki Azərbaycan Cəmiyyətləri. 1920-1991-ci illər” kitabının təqdimatı olacaq.
Sözügedən kitab və imza günü ilə bağlı yazar BAYRAQDAR MEDİA-ya danışdı: “Ötən il mənim Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə İstanbulda “Türkiyədəki Azərbaycan Cəmiyyətləri. 1920-1991-ci illər” adlı kitabım işıq üzü gördü. Kitabda azərbaycanlı mühacirlərin 1920-1991-ci illərdə Türkiyədə qurduqları ondan çox ictimai-mədəni təşkilatın tarixi ayrıntılı şəkildə yazılıb. Xüsusilə Azəri Türk Gənclər Birliyi, Azərbaycan Türk Tələbələr Birliyi və şuşalı muğam ustadı Məşədi Məhəmməd Fərzəliyevin yaratdığı Azərbaycan Türk Musiqi Heyəti kimi təşkilatların tarixi ilk dəfə olaraq geniş şəkildə təqdim olunub. Həmçinin Məhəmməd Əmin Rəsulzadənin təsis etdiyi Azərbaycan Kültür Dərnəyi kimi bu gün də fəaliyyət göstərən qurumlara aid mühüm məlumatlar verilib. Kitabda təşkilatların nadir nizamnamələri, müxtəlif fotoşəkillər, sənədlər təqdim olunub. Bildirim ki, yanvarın 22-də Azərbaycan Diasporuna Dəstək Fondu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və təhsil aldığım İstanbul Universitetinin təşkilatçılığı ilə mövzu ətrafında tədbirimiz və imza günümüz olacaq”.
Qeyd edək ki, tədbirdə adları qeyd edilən qurumların, İstanbuldakı Azərbaycan dərnəklərinin təmsilçiləri, Türkiyənin müxtəlif təşkilatlarının üzvləri, tələbələr iştirak edəcək.