Tacir Səmimi: Çalışmışam ki, Qərbi Azərbaycan haqqında nə varsa üzə çıxsın, gələcək nəsil də bilsin ki, orada kimlərimiz olub
BAYRAQDAR MEDİA – AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Dos. Tacir Səmiminin (Qurbanov) və tarixçi, araşdırmaçı Anar Hüseynovun həmmüəllif olduğu “Qərbi Azərbaycandakı izimiz, sözümüz” kitabı nəşr edilib.
Kitabın ərsəyə gəlməsi haqda Tacir Səmimi BAYRAQDAR MEDİA ilə fikirlərini bölüşüb: “Qərbi Azərbaycan mövzusu həmişə mənim marağımda olub. Çünki mən orada – Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun Təzə İbiş kəndində doğulmuşam. Ağbabanın el sənətkarları, folkloru, etnoqrafiyası, tarixi, kəndləri, məsələn, Düzkənd, Qaraçanta və s. haqda yazdığım ayrı-ayrı materiallarda çalışmışam ki, Qərbi Azərbaycan haqqında nə varsa üzə çıxsın, gələcək nəsil də bilsin ki, orada kimlərimiz olub. Bu yer, yurd, toponimlər hamısı bizim ana dilimizdədir, ermənicə bir dənəsi də yoxdur. Sonralar bunları dəyişiblər, erməniləşdiriblər. Bildirim ki, bu kitabın yaranmasında Anar Hüseynovun da böyük rolu oldu. O, cavan olsa da, Qərbi Azərbaycan mövzusunda axtarır, arayır, araşdırır və biz belə qərara gəldik ki, bunları bir yerdə cəmləşdirək. Kitabda daha çox Qərbi Azərbaycanın Amasiya bölgəsindən materiallar toplanıb. Təzə İbiş və Qoncalı kəndlərində yaşayan Bayraməli tayfasının tanınmış adamları, onların yaxınları haqqında yazılıb. Qeyd edim ki, bu tayfa hikmət və kəramət sahibi insanlar olub. Bu insanlar haqqında olan rəvayətləri, onların bayatılarnı, şeirlərini vaxtilə qələmə almışdıq”.
T.Səmimi deyir ki, bu şeirlərdə, bayatılarda vətən həsrəti əsas yer tutur: “Bizim soydaşlarımızı ermənilər rusun basqısı ilə bu torpaqlardan silməyə çalışıb, onları köçməyə məruz qoyublar, dəfərlərlə zorla deportasiya ediblər. Bunlarla bizim orada olan izimizi, kökümüzü qazımağa çalışıblar və nəhayət, 1988-ci ildə də tamamilə türksüz Ermənistan yaratdılar. Bu səbəbdən bütün bu bayatılarda, aşıq şeirlərində vətən həsrəti, yurd itkisi, eyni zamanda erməni basqısı, düşmənin mənfi cəhətləri əksini tapıb. Eləcə də bu şeirlərdə Sovet hakimiyyətinə nifrət var. Eyni zamanda Ağbaba ərazisinin Şərqi Anadolu torpağı olduğu da göstərilir. Həmin o şeirlərdən də görünür ki, bu təsadüfi deyil, onun da kökü var”.
Qeyd edək ki, nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, Dos. Nigar Həsənova, məsləhətçiləri texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov və Ələsgər Vəliyev, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, Dos. Sönməz Abbaslı, Dos. Dr. Mahmud Sarıkaya, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk və Cəmilə Novruzovadır.