BAYRAQDAR MEDİA – Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin qorunub saxlanılmasında kitabxanaların rolu böyükdür. Həmin elm ocaqlarından biri də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasıdır.
MEK-də kitabların qorunmasında fondlar əsas rola malikdir.
Elə sözügedən Kitabxananın Xarici dillərdə ədəbiyyat fondunun müdiri Kübra Sadıqova rəhbəri olduğu fond haqqında BAYRAQDAR MEDİA-ya məlumat verdi: “Fondumuz şöbə olaraq hörmətli direktorumuz Məmməd Əliyevin təşəbbüsü ilə 2021-ci ildə fəaliyyətə başlayıb. Fondumuzda 1 milyon 5 min 808 sayda sənəd mühafizə olunur. 2021-2023-cü illərdə fonda 13 min 202 sayda kitab və jurnal daxil olub. Avropa dillərində ədəbiyyat qorunan zallarımızda alman, ingilis, fransız, italyan, danimarka, macar, çex, fin və s. dillərdə nəşr edilmiş ədəbiyyatlar yer alır. Burada həmçinin XVI-XVIII əsrlərdə çap edilmiş zəngin kitab nüsxələri qorunur. Fondun Şərqi Avropa dillərində ədəbiyyatların qorunduğu zallarda türk, ərəb, fars və başqa dillərdə yazılmış elmi kitablar, müxtəlif dərsliklər, ensiklopediya, lüğətlər, məcmuələr, 1930-cü ilə qədər Azərbaycanda nəşr edilmiş ədəbiyyatın arxiv fondu və 64 adda dövri mətbuat nüsxələri, foto-surətlər, mikrofilmlər və s. mühafizə edilir”.
K.Sadıqova fondda mühafizə edilən kolleksiyalardan da danışdı: “Qeyd edim ki, burada “Diplomat Zahid Yusifoğlu Hüseynzadə”nin (467 nüsxə), “ Şəqşünas alim Boris Nikolayeviç Zaxoder”in (1990 nüsxə), türkoloq alim “Georgi Hazai”nin, islam və ərəb ölkələrinin orta əsrlər tarixi üzrə mütəxəssis “Yevqeni Aleksandroviç Belyayev”in (229 nüsxə), “Şərqşünas alim Bertels Yevqeni Eduardoviç”in (4253 nüsxə) şəxsi kiolleksiyaları qorunur ki, bu da elmi araşdırma aparan tədqiqatçılarda böyük maraq doğuraraq, onların yeni araşdırmaları üçün geniş imkanlar yaradaraq Azərbaycan elminin tərəqqisinə öz müsbət təsirini göstərəcək. Onu da deyim ki, MEK olaraq ”Heydər Əliyev – 100” tədbirləri çərçivəsində çox böyük töhfələrimiz oldu. O cümlədən zənginləşməkdə olan fondlarımıza Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən və elmin müxtəlif sahələrinə aid çoxlu ədəbiyyat qəbul etmişik”.
Şöbə müdiri fonddakı nəşrlərin İRBİS 64+ proqramında işlənərək elektron kataloqa daxil edildiyini bildirdi: “2021-ci ildən Məmməd müəllimin göstərişi və təşəbbüsü ilə MEK-də mühafizə edilən kitablar İRBİS 64+ proqramında işlənərək e-kataloqa daxil edilməyə başlanıb və artıq bitmək üzrədir”.
K.Sadıqova MEK-in qarşıya çıxan çətinliklərin öhdəsindən gələrək oxucusuna xidmət etməyə həmişə hazır olduğunu bildirdi: “Görkəmli kitabxanaşünas alim Stasov XIX əsrdə deyib ki, yaxşı kitabxanaçı hər bir elmi tədqiqatçının və həmçinin ciddi məşğul olan insanın yaxın köməkçisidir. Bizim kitabxanamız da bu şüarı öz işində rəhbər tutaraq qarşıya çıxan çətinliklərin öhdəsindən layiqincə gəlməyə çalışır. Bu ordu gələcəkdə də zamanın qoyduğu bütün sınaqlardan keçərək oxucu qarşısında xidmət etməyə hər zaman hazırdır”.