Press "Enter" to skip to content

Bu, uzun müddət unudulmayacaq bir səfər oldu

Ayşegül Yurtsever

Ayşegül Yurtsever: Bu səfəri təşkil edənlərə, xüsusilə də TÜİB başqanı Hüseyn Büyükfırata minnətdarlıq edirəm

BAYRAQDAR MEDİA – “Öncə onu deyim ki, Azərbaycana səfər bizdə qürur və sevinc doğurdu. Burada, qardaş ölkədə olmaq, azərbaycanlı qardaş-bacılarımızla, xüsusilə də şəhid ailələri və qazilərlə görüşmək yaddaşımızda dərin izlər buraxdı. Hesab edirəm ki, bu, uzun müddət unudulmayacaq bir səfər oldu. Fürsətdən istifadə edib bu səfəri təşkil edənlərə, xüsusilə də TÜİB başqanı Hüseyn Büyükfırata minnətdarlıq edirəm”.

Qardaşlıq bağlarının daha da dərinləşməsinə xidmət edən səfər

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyədən olan şəhid anası Ayşegül Yurtsever deyib.

“O qədər mehribanlıqla qarşılandıq ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirik”

Xatırladaq ki, qardaş Türkiyədən bir qrup şəhid yaxınları və qazi azərbaycanlı şəhid ailələri ilə görüşmək, işğaldan azad edilmiş torpaqları ziyarət etmək üçün 10-16 yanvar tarixlərində Azərbaycana səfər edib.

Çox sevinc və qürur hissi keçirik

Səfərdən razı qaldıqlarını bildirən müsahibimiz qeyd edib ki, Azərbaycanda çox mehriban və isti qarşılanıblar: “Burada özümüzü öz vətənimizdəki kimi hiss etdik. Səfər boyu hər gün keçirdiyimiz görüşlərdə, getdiyimiz yerlərdə o qədər mehribanlıqla qarşılandıq ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirik”.

Hər bir şəhid anası qürur duyur ki, onun övladı Vətəni üçün canını verib

Oğlu Aykut Yurtseverin 2018-ci il noyabrın 26-da helekopter qəzasında şəhid olduğunu deyən A.Yurtsever vurğulayıb ki, bu səfər Azərbaycandan və Türkiyədən olan şəhid analarının öz dərdlərini birlikdə bölüşmək imkanı da yaradıb: “Ana olmaq şərəfli və çətindir. Şəhid anası olmaq isə xüsusilə insandan daha böyük əzim və dözüm tələb edir. Əlbəttə hər bir şəhid anası qürur duyur ki, onun övladı Vətəni üçün canını verib. Amma həm də bizlər övlad itirmişik. Bu qəmi, kədəri isə azərbaycanlı şəhid anaları ilə görüşdə, belə deyək ki, ortaq şəkildə bölüşmək imkanımız yarandı. Bura səfər edərkən yalnız olmadığımızı da gördük”.

İşğaldan azad edilən o torpaqlar türk dünyasının ikinci Çanakkalesidir

A.Yurdsever bildirib ki, səfər çərçivəsində Qarabağda, işğaldan azad edilmiş torpaqlarda olmaq isə onlar üçün xüsusilə qürurverici olub: “O, yerlərdə olmaq, nəinki Azərbaycanın, bütövlükdə türk dünyasının tarixinə yazılan həmin şanlı Zəfərin qazanıldığı o torpaqlara səfər etmək bizdə ifadə edilməsi çətin olan xüsusi qürur və sevinc hissi yaratdı. Mən deyərdim ki, Azərbaycanın igid övladlarının qanı, canı bahasına işğaldan azad edilən o torpaqlar türk dünyasının ikinci Çanakkalesidir”.

Şəhid ailələri səfirlikdə

Türkiyəli qonaq sonda onu da qeyd edib ki, bu səfərin gələcək görüşlər, səfərlər və əlaqələr üçün bir körpü rolunu oynayacağına inanır: “İlk addım atıldı. Bizim Azərbaycana səfərimiz təşkil edildi. Bu səfər çox məhsuldar oldu. Əminəm və ümid edirəm ki, bu davamlı olacaq. Yəni bizim səfərimiz ümumilikdə Azərbaycan və Türkiyədən olan şəhid ailələri arasında əlaqələrin qurulması, davamlı olaraq inkişaf etməsi üçün körpü rolunu oynayacaq. Heş şübhəsiz bizim səfər zamanı dostluq etdiyimiz azərbaycanlı ailələrlə, analarla əlaqələrimizin davam etməsi də bu körpünün təməllərinin daha da güclənməsinə təkan verəcək”.

Azərbaycan dövləti və xalqı tez bir zamanda oraları cənnətə çevirəcək

A.Yurtsever səfərlə bağlı onların yaddaşında dərin iz buraxacaq bir məqamı xüsusi olaraq qeyd edib: “Biz işğaldan azad edilmiş torpaqlarda olarkən işğalçıların oraları necə amansızlıqla dağıtdıqlarının şahidi olduq. Amma ona da əmin olduq ki, Azərbaycan dövləti və xalqı tez bir zamanda oraları cənnətə, bu gün boz, dağılmış yerlərlə göz önünə gələn həmin torpaqları yaşıllıqlara çevirəcək. Artıq bu istiqamətdə işlər gedir. Yeni binalar, məktəblər, iş yerləri tikilir. Eyni zamanda yaşıllıqlar salınır. Ən maraqlısı isə odur ki, bu yaşıllıqlar, bağlar, xüsusilə də meyvə bağları şəhidlərin adına salınır. Şəhid anaları üçün meyvə bağları salınır”.

Bildirilib ki, bu, olduqca gözəl bir addımdır: “Orada cücərən hər bir ağac, əslində, bu torpaqlar üçün müqəddəs canlarından keçən şəhidlərin arzularının cücərməsi, əbədi yaşıl qalması deməkdir. O ağaclarla birlikdə şəhidlər də əbədi ölməzlik qazancaqlar”.

“Azadlığın zirvə günü”

Mission News Theme by Compete Themes.