BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir. Bununla əlaqədar, nazirlik yanvarın 16-da “Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimatını keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Rəqəmsal Səhiyyə ekosisteminin başlıca məqsədi vətəndaşlara keyfiyyətli, təhlükəsiz, etibarlı səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsidir. Rəqəmsal Səhiyyənin inkişafı vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək. İctimai təqdimatda əvvəlcə rəqəmsal səhiyyəyə dair videoçarx nümayiş olunub”.
Sonra xəbərdə deyilir ki, “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sosialyönümlü siyasətin aparılmasını giriş sözündə vurğulayan səhiyyə naziri Teymur Musayev bildirib: “Dövlət başçısının rəhbərlik etdiyi son 20 il ərzində rəqəmsal hökumətə keçidin sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası üzrə ardıcıl tədbirlərin görülməsi ölkəmizin regionda aparıcı söz sahibi kimi tanınmasını şərtləndirib”. Nazir rəqəmsal texnologiyaların tibbi xidmət təminatçılarına və pasiyentlərə məlumatları əlçatan etməklə, ortaq qərar verməkdə həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırdığını diqqətə çatdırıb”.
Təqdimatla çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, səhiyyənin rəqəmsallaşdırılmasının əsas məqsədlərindən biri tibbi məlumatların müalicə zamanı qərar qəbuletmə prosesinə inteqrasiyasını təmin edərək, onları vahid səhiyyə informasiya sistemində mərkəzləşdirəcək.
Tədbirdə həmçinin “TCHealth Information Technologies Ltd” (Türkiyə) şirkətinin məsləhətçisi Yusuf İzzet Akay və Səhiyyə Nazirliyin e-resept layihəsi üzrə baş məsləhətci Üzeyir Qurbanlı təqdimatla çıxış ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində rəqəmsal səhiyyə və “E-resept”ə dair videoçarxlar nümayiş olunub. Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədi ilə hazırlanan bir sistemdir. Eyni zamanda, E-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir.