Son yeniləmə: 16 Yanvar 2024 10:54
Azərbaycan və Türkiyə şəhid ailələri bir arada
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türkiyənin şəhid ailələrinin bir qrupu Azərbaycana səfər edib.
Qardaşlıq bağlarının daha da dərinləşməsinə xidmət edən səfər
Səfər çərçivəsində Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə Azərbaycan və Türkiyə şəhid ailələri nümayəndələrinin iştirakı ilə “Azadlığın zirvə günü” adlı tədbir keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəb və F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunub”.
Məlumata əsasən, öncə qonaqlar məktəbdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirib, məktəbin həyətində Milli Qəhrəman Yuri Kovalyov və şəhidlərin abidəsi önünə tər çiçəklər düzüblər: “Tədbir Azərbaycan və Türkiyənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Vüsalə Məmmədova və F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova 20 Yanvar hadisələrinə həsr olunan tədbirlərin gənclərin milli ruhda tərbiyə olunmasına, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət etdiyini bildiriblər”.
Məlumatda deyilir ki, tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva 34 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışıb, 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq səhifəsi, mili birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirib: “20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdıran Mehriban Vəliyeva xalqımızın şəhidlərin adını daim uca tutmasından, onların ailələrinin sosial müdafiəsinə xüsusi diqqət göstərilməsindən bəhs edib. Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinə toxunan M.Vəliyeva hər iki ölkə arasındakı münasibətlərin tarixi köklərə dayandığını söyləyib və Vətən Müharibəsinin ilk dəqiqələrindən Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyini xatırladıb”.
Bildirilib ki, ”tədbirdə çıxış edən millət vəkili Könül Nurullayeva, Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, Türk Ağsaqqallar Birliyinin sədr müavini Eyvaz Hümbətov 20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayıblar. Tədbirdə şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova və Türkiyədən olan şəhid ailələri nümayəndə heyətinin rəhbəri, qazi Metin Şenol çıxış edərək şəhidlərin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər”.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.