Son yeniləmə: 15 Yanvar 2024 09:16
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Artıq seçkidə iştirak iddiasında olan namizədlərin qeydiyyat prosesi başa çatıb, yanvarın 15-dən isə təşviqat kampaniyası başlayıb.
Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi siyahı üzrə 7 iddiaçı prezidentliyə namizəd kimi qeyd alınıb. Onlar bu gündən etibarən öz təşviqat kampaniyalarını başlada bilərlər. Kampaniya fevralın 6-sı səhər saat 08.00-dək davam etdirilə bilər. Səsvermənin başlayacağı 7 fevral saat 08.00-a kimi isə sükut günü olacaq, heç bir təbliğat aparıla bilməz.
O da bildirilir ki, namizədlərin ödənişsiz olaraq təşviqat aparması üçün İctimai TV-də efir vaxtı ayrılıb. MSK bildirib ki, bu vaxtın necə bölünməsi ilə bağlı püşkatma yanvarın 15-i saat 14.00-da təşkil ediləcək.
Onu da əlavə edək ki, bu seçkinin əsas favoriti hazırkı Prezident İlham Əliyevdir.
Digər namizədlər isə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Quliyev və ictimai fəal Fuad Əliyevdir. Qeyd edək ki, Zahid Oruc və Fuad Əliyevin namizədliyi şəxsi təşəbbüsləri ilə irəli sürülüb.