Press "Enter" to skip to content

Ginekoloqdan iltihabi xəstəliklər haqqında məlumat

Yeganə Axundova

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Yeganə Axundova: “Çanaq orqanlarının iltihabi xəstəliklərinin qarşısının alınmasında maarifləndirmə işləri vacibdir”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Yeganə Axundova çanaq orqanlarının iltihabi xəstəlikləri, iltihabi xəstəlikləri yaradan risk faktorları, əlamətləri və s. haqqında məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “həkim deyib ki, çanaq orqanlarının iltihabi xəstəlikləri infeksiyaları uşaqlıq yolundan və uşaqlıq boynundan uşaqlıq boşluğuna fallop boruları ilə keçməsi nəticəsində yaranır. O, iltihabi xəstəlikləri yaradan risk faktorlarından danışaraq doğuşdan, xüsusən də cərrahi doğuşdan (qeysəriyyə) uşaqlıqdaxili vasitələrdən istifadə, histerektomiya, histerosalpinqoqrafiya kimi cərrahi əməliyyatlardan sonra kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin yaranma ehtimalının daha da yüksək olduğunu qeyd edib”.

Ginekoloq deyib ki, xəstələrdə uşaqlıq borularının yüngülvari iltihab prosesi mövcuddursa, sağ və sol qalça çuxurlarında ağrı, bədən hərarətinin yüksəlməsi, titrəmə, qusma kimi əlamətlər ortaya çıxır: “Endometriozun olduğu təqdirdə, belin və qarının aşağı hissəsındə ağrılar yarana bilər. Bundan başqa, xəstələri irinli ifrazat, sidik ifrazının tez-tez və ağrılı olması narahat edə bilir. Ağır hallarda irinli intoksikasiya əlamətləri, yəni ümumi zəiflik, taxikardiya, əzələ ağrıları, ağızda quruluq, dispepsiya kimi simptomlarının da yaranma ehtimalı var. Çanaq dibinin irinli iltihabi xəstəlikləri cinsi əlaqənin ağrılı olması ilə də özünü büruzə verə bilər”.

Xəstəliyin müalicəsindən danışan həkim bildirib ki, xəstəlik yüngül formadadırsa, müalicə ambulator şəraitdə aparıla bilər: “Bu zaman xəstə nəzarətə alınır və ona antibakterial, iltihabəleyhinə, immun sistemini gücləndirən dərmanlar təyin edilir. Əgər cinsi yolla ötürülən infeksiyalar varsa, uyğun antibiotik seçilir və pasientə mümkün qədər cinsi əlaqədən uzaq durmaq məsləhət görülür. Eyni qaydada partnyor da müvafiq müalicə proqramına cəlb edilir. Aparılan müalicədən 3 həftə sonra təkrar olaraq infeksiyaların müayinəsi üçün laborator analizlər aparılır. Əgər cütlükdə müayinə zamanı heç bir problem aşkarlanmırsa, hər ikisi tam sağalmış hesab olunur. Lakin xəstəlik ağırlaşmış olarsa, o zaman stasionar müalicə planı təyin olunmalıdır. Stasionar müalicə planı da effektsiz olarsa, artıq cərrahi əməliyyat icra oluna bilər. Bu zaman artımların iltihaba uğramış tubovarial törəmələrin xaric edilməsi əməliyyatı icra olunur, qarın boşluğu drena edilir və xəstə bir müddət stasionar şəkildə müalicə alır”.

Y.Axundova çanaq orqanlarının iltihabi xəstəliklərinin qarşısını almaq üçün reproduktiv yaş dövründə olan qadınlar arasında maarifləndirmə işlərinin geniş şəkildə aparılmasının vacib olduğunu vurğulayıb. Həmçinin o bildirib ki, aşkar edilən xəstəliklərin müalicəsinin vaxtlı-vaxtında və düzgün qaydada aparılması üçün müalicə periodu və dərman təyinatı həkimin nəzarəti altında olmalıdır.

Mission News Theme by Compete Themes.