Press "Enter" to skip to content

Elektron qeydiyyat prosesində yenilik

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 15 Yanvar 2024 10:43

BAYRAQDAR MEDİA – Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 15-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, “süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq”.

Qeyd edilib ki, I sinfə qəbulla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib: “Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 1 ay ərzində (15 yanvar-15 fevral 2024-cü il tarixlərində) 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər. Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna yazmaq tövsiyə olunur. Uşaqların I sinfə elektron qeydiyyatı prosesində məktəblər üzrə ərazi prinsipinin tətbiqindəki yeniliklərin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, süni şagird sıxlığının qarşısının alınması, vətəndaşlara göstərilən müvafiq elektron xidmətin təkmilləşdirilməsi, sosial ədalət prinsiplərinə əməl olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasından ibarətdir”.

Məlumata əsasən, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu elan olunduqdan sonra əvvəlcə elektron sistemdə qeydiyyat, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilir.

Mission News Theme by Compete Themes.