Son yeniləmə: 15 Yanvar 2024 09:55
Metin Şenol: Qardaş Azərbaycanda özümüzü vətənimizdəki kimi hiss edirik
BAYRAQDAR MEDİA – “ Türkiyə Müharibə Əlilləri, Şəhidlər və Yetimlər Dərnəyi Bursa Şöbəsinin sədri və heyətin rəhbəri kimi Azərbaycanda səfərdəyik. Bizim dərnəyimiz Türkiyənin Milli Müdafiə Nazilriyinin nəzdində fəaliyyət göstərir. Əslində, bu səfər cavab səfəri kimi dəyərləndirilməlidir. Bir müddət öncə Azərbaycandan gələn heyəti Bursada qəbul etmişdik. Həmin vaxt da cavab səfərinin olmasına dair dəvət səsləndirilmişdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyə Müharibə Əlilləri, Şəhidlər və Yetimlər Dərnəyi Bursa Şöbəsinin sədri Metin Şenol deyib.
Onun sözlərinə görə, TÜİB-in təşkilatçılığı və Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıya gələn şəhid yaxınları olduqca isti və mehriban bir ortamda qəbul edilib: “Heyətimizə 15 şəhid ailəsi və qazi olaraq də tək mən daxiləm. Bura azərbaycanlı şəhid ailələri ilə görüşmək, işğaldan azad edilmiş torpaqları ziyarət etmək üçün gəlmişik. Çox sevinc və qürur hissi keçirik. Bura doğrudan da qardaş ölkədir. Qardaş Azərbaycanda özümüzü vətənimizdəki kimi hiss edirik. Sanki biz heç Türkiyədən ayrılmamışıq. Bakıda özümüzü sanki İstanbulda, İzmirdə, elə Bursanın özündə hiss etdiyimiz kimi hiss edirik. İnsanlar doğma, danışdığımız dil doğma, hər kəs bizə qucaq açır. Mən bu səfərə görə əməyi keçən hər kəsə, xüsusilə də TÜİB başqanı Hüseyn Böyükfırata təşəkkür edirəm”.
M.Şenol deyib ki, Türkiyə uzun illərdir PKK terrorundan, bu terror təşkilatının xain hücumlarından əziyyət çəkir: “Bura gələnlər də Türkiyədə 1984-cü ildən sonra başlayan və hələ də davam edən PKK-ya qarşı mübarizədə şəhid olan qardaşlarımızın ailələridir. Buradakı şəhid və qazi ailələri ilə birlikdə olmaq, fikir mübadiləsi aparmaq, dostlaşmaq, ən əsası isə qardaşlıq bağlarımızı daha da gücləndirmək baxımından bu səfərin mühüm əhəmiyyəti var”.
Müsahibimiz sonda, “biz ölkələrimiz var olsun deyə mübarizə apardıq. Bu yolda şəhid və qazi olduq. Bütün dünya bilsin ki, bundan sonra da belə olacaq” deyib.