Son yeniləmə: 15 Yanvar 2024 12:15
Dr. Yücel Karauz: Bəlli güclər Orta Doğunun daha da gərgin, qarşıq bir hərb meydanına çevrilməsi üçün əllərindən gələni edirlər
BAYRAQDAR MEDİA – “İsraillə Fələstin arasında növbəti hərbi qarşıdurmanın başlanmasından üç ay keçir. Bu hadisələrin ilk günlərindən ABŞ və İsrail təmsilçiləri Orta Doğunun yenidən formalaşdırlması, daha dəqiq desək, yenidən maraq dairələrinə bölünməsindən bəhs etdilər. Bu məqsədlə də HƏMAS-ın hücumları bəhanə edilərək Qəzzada qətliamlar törədildi. Lakin bu iki ölkə İsrail-Fələstin cəbhəsində qarşılarına qoyduqlara siyasi və hərbi hədəfə çata bilməyiblər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Müsahibimiz qeyd edib ki, məhz buna görə də sözügedən iki dövlət digər yollara baş vururlar: “Bu, özünü müharibənin digər regionlara da sıçraması, dövlətlərin bir-birinə qarşı silahlı qarşıdurmaya baş vurması, həmçinin, regionlarda bir məzhəb toqquşmasının olması üçün fəaliyyətlərin göstərilməsində biruzə verir. Yəni ABŞ və İsrail bununla dünyanın diqqətini İsrail-HƏMAS qarşıdurmasından yayındırmağı planlaşdırır. Bu hadisələrin ortaq məqsədi ümumilikdə Orta Doğuda idarəolunmaz bir xaos yaratmaq, öz siyasi düşüncələrinə uyğun qurumlar formalaşdırmaqdır. Bu kontekstdə də Husilərin Qırmızı dənizdəki fəaliyyətləri bəhanə edilərək İranın nəzarətindəki Husilərə qarşı hərbi əməliyyatlar həyata keçirilir. Eyni zamanda İranda məzhəb toqquşmalarına səbəb ola biləcək Kirman terroru törədildi”.
Qeyd edilib ki, digər tərəfdən də Türkiyənin Pence-Kilit əməliyyat bölgəsində üç fərqli istiqamətdə terrorçuların hücumuna məruz qalması və şəhid verməsi də təsadüfi deyidlir: “Kirman terroru İran Prezidenti İbraimi Rəisinin Türkiyəyə səfərinin təxirə salınması ilə nəticələndi. PKK-nın terror hücumu isə Vladimir Putinin yanvarın əvvəlində Türkiyəyə planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir. Yəni bunlar sıradan bir hadisələr deyil. Görünən odur ki, bəlli güclər Üçüncü Dünya müharibəsinə gedilən yolda Orta Doğunun daha da gərgin, qarşıq bir hərb meydanına çevrilməsi üçün əllərindən gələni edirlər”.