Press "Enter" to skip to content

15 yanvar Vikipediyanın qurulduğu gündür

Elnur Eltürk

Elnur Eltürk: “Bir zamanlar həvəslə yaradılan məqalələr bu gün peşəkar səviyyədə zənginləşdirilir”

BAYRAQDAR MEDİA – Azad ensiklopediya olan Vikipediyanın fəaliyyətinin 23 ili tamam olur.

Bildirək ki, öncə Cimmi Uels və Larri Senger 2000-ci ildə Nupediya (NuPedia.com) ensiklopediyasını yaradırlar. Bu ensiklopediyaya məqalələrin daxil edilməsi prosesi ləng getdiyi üçün bir neçə il sonra bağlanır. Vikipediya isə 2001-ci il yanvarın 15-də yaradılır.

Vikipediya Vikimedia Fondu tərəfindən yaradılmış onlayn ensiklopediya hesab olunur, ona azad ensiklopediya da deyirlər.

Son illər bu azad ensiklopediyada Azərbaycanın fəaliyyəti genişlənib. Vikipediya, onun Azərbaycan dili bölməsi ilə bağlı Türk Ağsaqqalları Birliyinin sədr müavini, Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk BAYRAQDAR MEDİA-ya danışdı: “Onu deyim ki, statistikaya əsasən Vikipediya dünyada və ölkəmizdə ən çox daxil olunan 7-ci saytdır və bu amil onun insanlar arasında nə qədər önəm daşıdığını göstərir. Vikipediyada 326 dil bölməsi var. Azərbaycan dili bölməsi də onlardan biridir. Son illər ölkədə Vikipediya hərəkatı geniş yayılıb. Xüsusilə bu hərəkatın önündə Azərbaycan gəncləri gəlir. Vikipediya könüllü prinsiplər üzərində qurulduğu üçün burada könüllülük əsas rol oynayır. Gənclər könüllü surətdə təlimlərdə iştirak edirlər”.

Ekspert Azərbaycan dil bölməsindəki məqalələrin sayının qısa vaxtda daha da çoxaldığını bildirib: “Sevindirici hal budur ki, Vikipediyanın Azərbaycan dili bölməsində məqalələrin sayı 198 mini keçib. Redaktələrin sayı isə 7,4 milyona yaxınlaşıb. Bu onu göstərir ki, cəmiyyətdə Vikipediyaya böyük maraq və həvəs var. Həm də biz artıq peşəkar yanaşmanı müşahidə edirik. Bir zamanlar həvəskarca yaradılan məqalələr bu gün peşəkar səviyyədə zənginləşdirilir. Bu, Azərbaycan Vikipediya icmasının birgə əməyinin nəticəsidir. Artıq Vikipediyanın Azərbaycan dili bölməsində müxtəlif mövzuları əhatə edən məqalələrin sayı artmaqdadır və bu məqalələr oxucularımız üçün əlçatandır. Təkcə Vikipediyanın Azərbaycan yox, xarici dil bölmələrində də Azərbaycana aid məqalələr zənginləşdirilir və etibarlı mənbələrlə yaradılır. Bu həm də xalqımızın milli-mənəvi dəyərlərinin təbliği nöqteyi-nəzərindən nəticə verəcək fəaliyyətdir. Məqalələrin sayəsində çoxsaylı xarici oxucular hər gün ölkəmizlə bağlı məlumatlar əldə edirlər”.

Mission News Theme by Compete Themes.