Press "Enter" to skip to content

Həkimdən oynaq ağrıları haqda məlumat

Nizami Məmmədov

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov: “Orta intensivlikli fiziki aktivlik oynaqların sağlam qalmasına kömək edir”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov oynaq ağrılarından danışıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “N.Məmmədov öncə oynaq ağrıları barədə ümumi məlumat verərək deyib ki, oynaq ağrıları bir və ya bir neçə oynaq nahiyəsində baş verən xoşagəlməz haldır. Bu zaman oynaqlarda diskomfort yaranır. Adətən bu hal qollarda, ayaqlarda, bud-çanaq oynağında, dizlərdə və ya onurğada hiss olunur”.

O bildirib ki, bu ağrıların yalnız yaşlı insanlara aid olması fikri yanlışdır, çünki ağrılar hər yaşda yarana bilər. Bununla yanaşı şöbə müdiri oynaq ağrılara əsas səbəb kimi müxtəlif artritlərin (osteoartrit, revmatoid artrit, reaktiv artrit, podaqra və s.) hesab olunduğunu deyib: “Artritin ümumi növü olan osteoartrit zamanla sümüklər arasındakı qoruyucu yastıq olan qığırdaqın köhnəldiyi zaman baş verir. Osteoartrit yavaş inkişaf edir və adətən orta yaşda baş verir. Romatoid artrit oynaqlarda şişlik və ağrıya səbəb olan xroniki bir xəstəlikdir. Bu zaman tez-tez oynaqlar deformasiyaya uğrayır (adətən barmaqlarda və biləklərdə olur). Podaqra bədəndəki kristalların oynaqda toplandığı, şiddətli ağrı və şişkinliyə səbəb olan ağrılı bir vəziyyətdir. Bu, adətən ayağın baş barmağında olur. Bursit gərginlik səbəbindən baş verir, bud-çanaq, diz, dirsək və ya çiyin nahiyəsində olur”. Bundan əlavə, həkim eləcə də qeyd edib ki, viral infeksiyalar, səpgilər və ya qızdırma, həmçinin sümüklərin qırılması və ya burxulması kimi xəsarətlər oynaq ağrıların yaranmasına səbəb ola bilər.

Sonra xəbərdə deyilir ki, “oynaq ağrılarının müalicəsi haqda da danışan həkim bu ağrıların müalicəsi olmasa da, onun simptomlarının aradan götürülməsi üçün təsirli üsulların olduğunu deyib: “Bəzən sadə gündəlik məşqlər etməklə ağrı keçə bilər. Digər hallarda, ağrı yalnız dərman və ya cərrahiyyə əməliyyatı ilə aradan qaldırıla bilər. Nəzərə almaq lazımdır ki, hətta reseptsiz satılan dərmanlar da insanlara fərqli təsir göstərir. Hər hansı bir dərman qəbul edərkən həkiminizin göstərişlərinə diqqətlə əməl edin və əlavə təsirlərlə qarşılaşdığınız təqdirdə ona məlumat verin. Eyni zamanda, fizioterapiya və ya idman terapiyası, orta intensivlikli fiziki aktivlik (gəzinti, üzgüçülük və s.) və balanslaşdırılmış fitnes proqramı sağlam oynaqların elastikliyinə, insanın sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, həmçinin normal bədən çəkisini saxlamağa kömək edir””.

Şöbə müdiri vurğulayıb ki, oynaq xəstəlikləri zamanı oynaqların yükünü azaltmaq üçün müalicə edən həkim xəstəyə əsa, ortopedik ayaqqabı və ortez (diz breketləri) kimi köməkçi cihazlarlar tövsiyə edə bilər. O, həmçinin vurğulayıb ki, oynaq ağrıları həm dərmanlar, həm də fiziki müalicə ilə uzun müddət aradan qaldırılmadığı təqdirdə cərrahi müdaxilə effektiv müalicə variantı ola bilər. Xəstənin vəziyyətindən asılı olaraq, bu, artroskopiya, yəni cərrahın oynağın üzərində iki və ya üç kiçik kəsik etdiyi, oynağın içərisində və ya yaxınlığında qığırdaqları bərpa etmək, sümük qırıntılarını çıxarmaq üçün artroskop alətdən istifadə edərək oynağa daxil olduğu minimal invaziv prosedur icra edilə bilər. Bununla yanaşı, oynaqların dəyişdirilməsi əməliyyatları (sümüklərin uclarını qoruyan qığırdaq köhnəldikdən sonra oynağın dəyişdirilməsi) kimi üsullardan istifadə oluna bilər.

Mission News Theme by Compete Themes.