Press "Enter" to skip to content

 “Əfsanə vali”nin oğlu MHP-dən namizəd göstərildi

Son yeniləmə: 12 Yanvar 2024 14:19

BAYRAQDAR MEDİA – Türkiyənin “Əfsanə vali” kimi tanıdığı Denizlinin keçmiş valisi Recep Yazıcıoğlunun oğlu Mehmet Kemal Yazıcıoğlu MHP-dən Tokat bələdiyyə başqanlığına namizəd irəli sürülüb.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Məlumata görə, MHP Tokat millət vəkili Yücel Bulut sosial media hesabında MHP sədri Devlet Bahçeli ilə çəkdirdiyi şəkli paylaşaraq Mehmet Kemal Yazıcıoğlunun namizədliyini açıqlayıb.
Y.Bulut paylaşımında bunları yazıb: “Tokatın unudulmaz valisi, mərhum ağsaqqalımız Recep Yazıcıoğlunun dəyərli oğlu, dəyərli qardaşımız Mehmet Kemal Yazıcıoğlu hörmətli sədrimiz tərəfindən qəbul edilərək Tokat Bələdiyyə sədrliyinə namizədliyi üçün müraciətini tamamladı”.

Məlumatda deyilir ki, vətəndaşlarla isti münasibətinə görə vəzifədə olduğu müddətdə “Əfsanəvi vali” adlandırılan Recep Yazıcıoğlu 2 iyun 1948-ci ildə Trabzonun Köprübaşı mahalında anadan olub: “Orta təhsilini başa vurub, Ankara Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra R.Yazıcıoğlunun ilk vəzifə yeri 1968-ci ildə Aydın olub. Burada bir müddət vali müavini vəzifəsində çalışan R.Yazıcıoğlu, daha sonra ölkənin müxtəlif rayonlarında vali vəzifəsində çalışıb. R.Yazıcıoğlu 1984-cü ildə Tokat valisi təyin edilib.
O dövrdə Türkiyənin ən gənc valisi olan R.Yazıcıoğlu orada 5 ilə yaxın vəzifədə olub. O, 1989-cu ildə vali müavini vəzifəsini icra etdiyi Aydına vali təyin edilib. 1991-ci ildə Erzincana təyin edilib”.

Məlumata əsasən, Erzincanda da adından söz etdirən R.Yazıcıoğlu 1992-ci ildə baş verən zəlzələ zamanı vətəndaşların yaralarının sağalması üçün böyük səy göstərib: “O, 30 ildir tikilə bilməyən körpünün tikintisinə təşəbbüs göstərərək bölgə xalqının böyük sevgisini qazanıb. 9 il Erzincanda xidmət edən R.Yazıcıoğlu 2003-cü ildə isə DEnizli valisi vəzifəsinə təyin edilib. O, 8 sentyabr 2003-cü ildə Ankarada baş verən yol qəzası nəticəsində dünyasını dəyişib. Aydının Söke rayonunda dəfn edilən R.Yazıcıoğlunun dəfn mərasiminə on minlərlə insan qatılıb”.

Mission News Theme by Compete Themes.