Son yeniləmə: 12 Yanvar 2024 12:48
BAYRAQDAR MEDİA – Türkiyənin ana müxalifət partiyası CHP-də seçkiöncəsi gərginliyin davam etdiyi barədə xəbər vermişdik. Qeyd etmişdik ki, bu günlərdə həmin gərginliyə daha bir məsələ də əlavə edilib. Bu da Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədlə bağlıdır.
Lakin deyəsən partiyanın yeni rəhbərliyi bu problemi həll edə bilib. eskisehir.net saytının məlumatına görə, CHP-nin Mərkəzi İdarə Heyətinin (MYK) toplantısından sonra keçirilən Partiya Məclisi toplantısında bir çox namizəd müəyyənləşib: “MYK-da Eskişehir Böyükşəhər Bələdiyyə sədri Yılmaz Büyükerşenin tələbi ilə Böyükşəhər Bələdiyyəsinin baş katibi Ayşe Ünlücenin sədrliyə namizədliyinin Partiya Məclisinə tövsiyə edilməsi qərara alınıb. Beləliklə, Ayşe Ünlüce 31 mart 2024-cü ildə keçiriləcək yerli seçkilərdə Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd olaraq Partiya Məclisi tərəfindən müəyyən edilib”.
Xəbərdə deyilir ki, 1970-ci ildə Eskişehirdə anadan olan Ayşe Ünlüce Dokuz Eylül Universitetinin Hüquq fakültəsini bitirib: “Bir müddət hakim işləyən Ünlüce 2016-cı ildə Eskişehir Böyükşəhər Bələdiyyəsinə 1-ci Hüquq Müşaviri vəzifəsinə təyin edilib və 2018-ci ildən baş katib vəzifəsini icra edir”.