Son yeniləmə: 11 Yanvar 2024 09:38
BAYRAQDAR MEDİA – Türkiyədən bir qrup şəhid yaxınları və qazi azərbaycanlı şəhid ailələri ilə görüşmək, işğaldan azad edilmiş torpaqları ziyarət etmək üçün Azərbaycana gəlib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyindən (TÜİB) məlumat verilib.
Məlumata görə, TÜİB-in təşkilatçılığı və Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıya gələn şəhid yaxınları və qazilər Şəhidləri xiyabanını və Fəxri xiyabanı ziyarət ediblər: “Qardaş ölkədən gələn şəhid yaxınları və qazilər Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Daha sonra qonaqlar Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər qoyub, burada xatirə fotosu çəkdiriblər”.
Məlumata görə, nümayəndə heyətinin tərkibində olan Türkiyə Müharibə Əlilləri, Şəhidlər və Yetimlər Dərnəyi Bursa Şöbəsinin sədri Metin Şenol mətbuat mənsublarına açıqlamasında qardaş ölkə Azərbaycanda olmaqdan məmnun olduqlarını bildirib: “M.Şenol daha əvvəl Bursada qonaq etdikləri azərbaycanlı şəhidlərin yaxınlarının dəvəti ilə Azərbaycana gəldiklərini bildirib. O, “Biz burada dostlarımızla birlikdə olmaqdan qürur duyuruq” deyib.
Azərbaycan Müdafiə Nazirliyinin Şəhid Ailələri və Qadınları ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova isə, bildirib ki, səfər çərçivəsində hər iki qardaş ölkədən olan şəhid ailələrinin görüşləri keçiriləcək. Onlar birlikdə silsilə tədbirlərdə iştirak edəcəklər.
Vurğulanıb ki, bir həftə davam edəcək proqram çərçivəsində şəhidlərin yaxınları Azərbaycan Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə də görüşəcək, Qarabağda işğaldan azad edilmiş rayonlara səfər edəcəklər.