Son yeniləmə: 11 Yanvar 2024 13:31
BAYRAQDAR MEDİA – Son 20 ildə Azərbaycanda turizm sektoru 19 dəfə artıma nail olub.
Bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov yanvarın 11-də Bakıda keçirilən “Turizm Sənayesi Subyektlərinin Forumu”nda bildirib.
BAYRAQDAR MEDİA-nın məlumatına görə, çıxışında turizm sənayesinin mövcud durumuna nəzər salan İdarə Heyətinin sədri vurğalyıb ki, COVID-19 pandemiyasından sonra bərpa dövrünü nəzərə almasaq, 2003-2019-cu illəri əhatə edən dövr ərzində Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 3 dəfədən çox, mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 7,6 dəfə artıb.
Onun sözlərinə görə, Azərbaycana səyahətin asanlaşdırılması məqsədilə bir sıra inzibati prosedurlar sadələşdirilib, nəqliyyat infrastrukturu təkmilləşdirilib. Bu isə sektorun inkişafına mühüm təkan verib. Belə ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində turizm sektorunun qeyri-neft iqtisadiyyatında payı təxminən 4 dəfə artaraq 0,7 faizdən 3,4 faizə yüksəlib. Həmçinin bu müddətdə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində muzdla çalışanların sayı 6,5 dəfə, bu sahə üzrə cəmi məşğulluq isə 4,1 dəfə artıb.