Son yeniləmə: 11 Yanvar 2024 10:33
ATİB-in İdarə Heyətinin iclasında fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub
BAYRAQDAR MEDİA – Yanvarın 10-da Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin iclasında İdarə Heyəti iclası keçirilib. İclasda 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 11-də ATİB-dən məlumat verilib.
Məlumata əsasən, bəyanatda deyilir: “2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş xalqımız və qəhrəman ordumuz tərəfindən ərazi bütövlüyü təmin edilmiş ölkəmizin bütün ərazisində keçiriləcək, ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsbit edərək zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə vəsiqə alacaqdır. 30 illik işğala son qoyulduqdan sonra doğma torpaqlarına qayıtmış insanların ilk dəfə öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəyi bu seçkilər Azərbaycan dövlətçiliyinin tarixində yeni və parlaq bir dövrün başlanğıcı olacaq”.
Qeyd edilib ki, cənab İlham Heydər oğlu Əliyevin, keçiriləcək növbədənkənar prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır.
Sənəddə daha sonra İdarə Heyətinin iclasında İdarə Heyəti üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş qərara əsasən İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edildiyi bəyan edilir: “Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) 10 yanvar 2024-cü il tarixdə keçirilmiş İdarə Heyətinin iclasında İdarə Heyəti üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş qərara əsasən müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini dəstəklədiyini qürur hissi ilə bəyan edir, bu tarixi seçkilərdə ona uğurlar arzulayır və keçirələcək seçkilərin məntiqi nəticəsinin tariximizə parlaq bir səhifə kimi həkk olunaraq qüdrətli dövlətimizin və qalib xalqımızın sınmaz iradəsinin təzahürü olmasını diləyir. Uğurlar cənab Prezident!”