BAYRAQDAR MEDİA – 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar yanvarın 19-u saat 12:00-da və 20-si 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd edilir ki, “Azərbaycanın Zəfər salnaməsinə həsr olunan səhnə əsərinin müəllifi və rejissoru teatrın quruluşçu rejissoru Samir Qulamovdur. SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Səhnə əsərinin quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə olunur”.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Hüseyn Əlili, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev iştirak edəcəklər.