Son yeniləmə: 10 Yanvar 2024 09:08
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstana səfər edib.
Səfər çərçivəsində Qırğızıstan Prezidenti Sadır Caparov Hakan Fidanı qəbul edib.
Bu barədə bulak.kg məlumat yayıb.
Bildirilib ki, “görüş zamanı S.Caparov Qırğızıstan və Türkiyə arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında müsbət dinamikanı məmnunluqla qeyd edib. Eyni zamanda, tərəflər Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Qırğızıstana planlaşdırılan səfərini və səfər çərçivəsində iki ölkə arasında Strateji Əməkdaşlıq üzrə Ali Şuranın iclasının keçirilməsini müzakirə ediblər”.
Məlumata görə, ticarət-iqtisadi əməkdaşlıqdan danışan S.Caparov Qırğızıstan-Türkiyə Hökumətlərarası Komissiyasının Ankarada keçiriləcək iclasının iqtisadi gündəliyin təşviqi baxımından əhəmiyyətini vurğulayıb: “Bundan əlavə, tərəflər həm ikitərəfli gündəlik, həm də çoxtərəfli əməkdaşlıq, o cümlədən səhiyyə, enerji və maliyyə sektorları, eləcə də regional təhlükəsizlik sahəsində bir sıra digər məsələləri müzakirə ediblər”.
Xəbərdə deyilir ki, öz növbəsində Türkiyənin xarici işlər naziri H.Fidan qonaqpərvərliyə görə S.Caparova minnətdarlığını bildirib: “O, iki ölkə liderlərinin birgə səyləri nəticəsində son illər qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində mühüm nəticələrin əldə edildiyini vurğulayıb. Görüşün sonunda H.Fidan S.Caparova Türkiyə Cümhurbaşqanı R.T.Erdoğanın səmimi salamlarını çatdırıb”.