BAYRAQDAR MEDİA – Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanı bu günlərdə Güney Azərbaycanda nəşr olunub. Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayımlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirib.
Nəşrlə bağlı xəbərdə bildirilir ki, “İnsan dənizi” müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyil: “Bundan öncə yazarın eyniadlı romanı tanınmış türkoloq Dr. Böyük Mollayinin fars dilinə çevirisində Tehranda (2014) və Zəncanda (2015) kütləvi tirajla yayımlanıb. Həmçinin müəllifin “Səhra savaşı” romanı, povest və hekayələrdən ibarət “Heçlik vadisi” kitabı Tehranda və Təbrizdə əski əlifbada nəşr olunub. Vaqif Sultanlının Dr. İrəc İsmayılla birgə hazırladığı “Güney Azərbaycan nəsri: başlanğıcdan günümüzədək” antologiyası da İranda işıq üzü görüb”.
Hadisə və əhvalatların 20-ci əsrin səksəninci illərində cərəyan etdiyi “İnsan dənizi” romanında ölüm cəzasından qaçıb yad şəhərə sığınaraq gizli şəkildə ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapır.
Yazıçı baş qəhrəmanın daxili dünyasının dərinliklərinə varmaqla mövcud sosial ziddiyyətlərin mahiyyətini oxucuya çatdırmağa çalışır, bununla da cəmiyyətdən təcrid edilərək yaşamağın mürəkkəb və mümkünsüz olduğunu gerçək lövhələrlə yarada bilir.
Romanda, dolayısı ilə sovet siyasi rejimi dönəmində dəyərlər sisteminin dağılması ilə insanların yaşadığı cəmiyyətə uyğunlaşa bilməməsinin gətirdiyi faciələr inandırıcı cizgilərlə canlandırılıb.
Azərbaycan oxucularına ilk dəfə 1991-ci ildə təqdim edilən “İnsan dənizi” romanı çeşidli dillərə tərcümə olunaraq Böyük Britaniya, ABŞ, Misir, Türkiyə, Almaniya, Rusiya və başqa ölkələrdə yayımlanıb.