Press "Enter" to skip to content

TƏBİB-dən ilkin açıqlama

Respublika Perinatal Mərkəzindəki yanğınla bağlı

BAYRAQDAR MEDİA – Yanvarın 9-da saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb: “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub”.

Məlumata əsasan, xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilib. Yenidoğulmuşlar, hamilə və zahı qadınlar təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə olunub. Səhər saat 6-yadək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadınların) təxliyəsi reallaşıb.

O da vurğulanıb ki, yanğın nəticəsində xəsarət alan olmayıb. 1 nəfər – Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir.

Mission News Theme by Compete Themes.