Son yeniləmə: 9 Yanvar 2024 12:47
Naxçıvan Televiziyasında “Ulu Öndər Heydər Əliyevin izi ilə” turundan geniş bəhs edilib
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Dövlət Turizm Agentliyinin təşkilatçılığı, media və turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimatı keçirilib.
İnsanları kimi təbiəti də qonaqpərvər və səxavətli diyar – 1
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq reallaşdırılan, Ümummilli Liderin zəngin irsinə həsr olunmuş turizm marşrutunun təqdimatı ilə əlaqədar 2023-cü il 25-26 dekabr tarixlərində Naxçıvan Muxtar Respublikasına mediatur təşkil edilib.
İnsanları kimi təbiəti də qonaqpərvər və səxavətli diyar – 2
Mediaturun ilk günü, dekabrın 25-də öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinə ziyarət olunub. Sonra media nümayəndələrinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü olub.
Səfər çərçivəsində media və turizm sənayesi nümayəndələri Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə Sibirdən gətirilərək doğma vətənində dəfn edilən və qəbri üzərində xatirə abidəsinin ucaldıldığı böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavid məqbərəsini, hazırda Bəhruz Kəngərli Muzeyi kimi fəaliyyət göstərən, Heydər Əliyevin 1938-1939-cu illərdə təhsil aldığı Pedaqoji Texnikumun binasını, hazırda Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərən, tarixən Zaviyə-Mədrəsə binası kimi tanınan, Ümummilli Liderin 1930-cu illərdə şahmat, musiqi və dram dərnəklərinin üzvü olduğu Naxçıvan Şəhər Pionerlər Evinin binasını, o cümlədən “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət ediblər.
Mediaturun ikinci günü, dekabrın 26-da isə öncə Ulu Öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi ziyarət edilib. Sonra isə Ümummilli Liderin təşəbbüsü ilə 1977-ci ildə “qoruq-şəhər” elan edilmiş Ordubad şəhərinə ziyarət təşkil olunub.
Məlumat üçün bildirək ki, maraqlı məqamlarla zəngin mediaturla bağlı Naxçıvan Televiziyasının həftəlik “Gəz sən Naxçıvanı” adlı proqramında geniş bəhs edilib. Məsumə Şirəliyevanın müəllifi olduğu proqram çərçivəsində yarım saata yaxın zamanı əhatə edən və iştirakçılarən açıqlamalarının da alındığı reportaj bütövlükdə mediatura həsr edilib. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq həmin reportajı təqdim edirik.
Qeyd edək ki, mediatur iştirakçıları arasınd BAYRAQDAR MEDİA-nın baş redaktorunun müavini, Əməkdar jurnalist Nadir Azəri də olub.