Son yeniləmə: 9 Yanvar 2024 12:57
Məcid Cavadi: Bu xəbər bir daha ona işarə edir ki, İran tərəfi həqiqətən də Urmu gölünün qurumasını istəyir
BAYRAQDAR MEDİA – “Son günlərdə Urmu gölü məsələsi yenidən Güney Azərbaycan ictimaiyyətinin gündəminə aktual məsələ kimi daxil olub. Bu da səbəbsiz deyil. Uzun illərdir Urmu gölünün dibində çox qiymətli mədəni resursların, o cümlədən uraniumun və litiumun mövcudluğuna dair hesabat və fikirlər səslənir. Bu iki metal isə dünya çapında çox qiymətlidir. Ona görə də bu istiqamətdə müzakirələr daha da intensivləşib. Hesab edilir ki, Urmu gölü məhz bu metalların rahatlıqla istismar edilməsi üçün fars-molla rejimi tərəfindən bilərəkdən qurudulur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Bu, İran rejimi təmsilçilərinin həmin müraciəti gələcəkdə də qəbul etməyəcəkləri anlamına gəlmir
Onun sözlərinə görə, xüsusilə son günlər belə bir xəbər yayılıb ki, Çin şirkətləri Urmudan litium istehsalı üçün İranın müvafiq qurumlarına müraciət ediblər: “Düzdür, İran rəsmiləri iddia edirlər ki, belə bir müraciətlər olsa da, qəbul edilməyib. Lakin bu, İran rejimi təmsilçilərinin həmin müraciəti gələcəkdə də qəbul etməyəcəkləri anlamına gəlmir. İran parlamentinin komissiya sədri də bir müddət öncə “burada qeyri-adi heç nə yoxdur. Dünyada belə istehsallar mövcuddur” deyə açıqlama vermişdi. Bu isə ona işarə edir ki, hər nə qədər diqqəti mövzudan yayındırmağa çalışsalar da, məsələ rejimin gündəmindədir”.
Müsahibimiz “digər tərəfdən bu xəbər bir daha ona işarə edir ki, İran tərəfi həqiqətən də Urmu gölünün qurumasını istəyir. Daha da dəqiqləşdirsək fars-molla rejimi Urmu gölünü məhz uranium və litium kimi qiymətli metalların istehsalı üçün bilərəkdən qurudur” deyib.
Aparılan müşahidə və təhqiqatlar da gölün süni yolla qurudulduğuna işarə edir
M.Cavadi deyib ki, aparılan müşahidə və təhqiqatlar da gölün təbii deyil, süni yolla qurudulduğuna işarə edir: “Uzun illər belə deyilirdi ki, fars-molla rejimi bu gölü qurutmaqla yerli azərbaycanlı əhalini oradan didərgin salmaq istəyir. Amma göründüyü kimi, burada rejimin bir neçə məqsədi var. Xalqın köçürülməsi ilə yanaşı gölün dibindəki qiymətli metalların da istismarı üçün rejim Urmunu süni yolla qurudur. Yəni məsələnin kökündə həm siyasi, həm də iqtisadi maraq dayanır”.
Müsahibimizin sözlərinə görə, bütün bunların kökündə ümumilikdə İranın antiAzərbaycan siyasəti dayanır: “Bu sadalananlar İranın antiAzərbaycan və antitürk siyasətinin ən bariz nümunəsidir. Əslində, biz İranın bu cür davranışlarına demək olar ki, addımbaşı rast gəlirik. Yəni fars-molla rejiminin təmsilçiləri nə qədər də guya Azərbaycana qarşı səmimi, saf olduqlarını göstərməyə çalışsalar da, reallıq ortadadır. Elə İranın Təbrizdə Ermənistan üçün konsulluq açmaq niyyəti də bu reallığın növbəti bariz nümunəsidir”.