BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Çindən Adriatikə Türk dünyası” mövzusunda XV beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Türkiyənin, ABŞ-nin və Azərbaycanın ümumilikdə 20-dən artıq universitetindən 50-dən çox nümayəndənin qatıldığı konfrans MEK-in, həmçinin Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilib. Konfransın plenar iclasında Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib”.
Sonra xəbərdə, “konfransda MEK-in direktoru, Prof. Məmməd Əliyev iştirakçılara rəhbərlik etdiyi kitabxananın fəaliyyəti haqqında məlumat verib, ötən il ərzində MEK-in bir sıra yerli və beynəlxalq konfranslara ev sahibliyi etdiyini diqqətə çatdırıb, bu konfransın türk dünyasının mədəni münasibətlərinə yeni səhifə açacağına inamını ifadə edib”.
İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov isə çıxışında qurumun fəaliyyətindən danışıb və ölkənin bir sıra universitetlərində cari ildə keçiriləcək konfranslar, tədbirlər haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb.
Sonra beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib, elmi məruzələr dinlənilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.