Son yeniləmə: 8 Yanvar 2024 09:31
AK Parti bu şəhəri CHP-nin “əlindən almaqda” israrlıdır
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi yanvarın 7-də qardaş Türkiyənin hakim partiyası AK Parti martın 31-də keçiriləcək yerli seçkilərdə partiyanın bələdiyyə sədrliklərinə namizədlərinin bir qisminin adını bəyan edib. Bununla bağlı İstanbulda Haliç Konqres Mərkəzində mərasim keçirilib.
Genel Başkanımız ve Cumhurbaşkanımız Erdoğan, Aday Tanıtım Toplantımızda konuşuyor… #HazırızKararlıyız https://t.co/2NlBndNYjB
— AK Parti (@Akparti) January 7, 2024
Mərasimdə çıxış edən Cümhurbaşqanı və AK Parti Genel başqanı Recep Tayyip Erdoğan İstanbul da daxil olmaqla 11 böyük şəhər və 15 vilayətin bələdiyyə sədrliyinə namizədlərini açıqlayıb.
“Bələdiyyəçilikdə sözün əsl mənasında dastan yazmışıq”
Milliyet xəbər verir ki, mərasimdə çıxış edən R.T.Erdoğan bələdiyyəçiliklə bağlı gözəl təcrübələrinin olduğunu deyib: “Bizim bələdiyyəçiliklə bağlı fəaliyyətimiz yeni deyil. Artıq 30 ilə yaxın şanlı keçmişdən gələn bilik və təcrübəmiz var. Biz 1994-cü ildən ölkəmizdə yeni bələdiyyə fəlsəfəsini həyata keçirmiş komandayıq. Yetkinliyimizi ilk olaraq yerli idarələrdə millətimizə sübut etdik”.
Türkiyə Cümhurbaşqanı “Bələdiyyəçilikdə sözün əsl mənasında dastan yazmışıq. “94 ruhu” deyilən bələdiyyə yanaşması ilə Türkiyədə yeni bir çığır açdıq” deyib.
Dayanmaq yox, yola davam
Çıxışda AK Partinin nəzarətində olmayan bələdiyyələrdəki fəaliyyətsizliyə də toxunulub: “Əslində, millətimizin çətin duruma düşməməsi üçün lazım olanda müxalifət partiyalarının idarə etdiyi bələdiyyələrin bədəlini də biz ödəmək məcburiyyətində qalırıq. Çünki ölkəmizi, şəhərlərimizi belə ab-havaya salmağa heç birimizin haqqı yoxdur”.
R.T.Erdoğan deyib ki, ona görə də AK Parti namizədlərini müəyyənləşdirərkən onların öz şəhərlərini dəstəkləyəcək bacarıqlı insanlar olmasına xüsusi diqqət yetirib: “Eynilə il və rayonlarda AK Partinın xidmət bələdiyyəçiliyindən uzaq düşmüş, illərdir əziyyət çəkən vətəndaşlarımıza da bir çağırışımız var. Gənclər, bizim çox vaxtımız yoxdur. Martın 31-nə qədər “dayanmaq yox, yola davam” deyirik.
Türkiyə bələdiyyədə yeni dövrün qapılarını açacaq
R.T.Erdoğan yanvarın 15-də böyük bir məraismin keçiriləcəyini də qeyd edib: “Yanvarın 15-də böyük bir mərasim keçirəcəyik, orada digər namizədlərimizi təqdim edəcəyik və seçki bəyannaməmizi elan edəcəyik. Bu mərasimlə namizədlərimiz, təşkilatımız və üzvlərimizlə gecə-gündüz meydanda olacağıq. Allahın köməyi və millətimizin dəstəyi ilə Türkiyə 30 böyük şəhəri, 519 mahalı, 51 əyaləti, 403 mahalı və 390 qəsəbəsi ilə bələdiyyədə yeni dövrün qapılarını açacaq. Yenə bu seçkidə təxminən 50 min 500 məhəllə və kənd muhtarı təyin olunacaq”.
Çıxışında İstanbul məsələsinin üzərində xüsusi dayanan R.T.Erdoğan “İstanbul muradına qovuşacaq” deməklə eyni anda iki məqama işarə edib.
Birinci məqam o ki, AK Partinin İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Murat Kurum elan olunub. İkincisi isə, R.T.Erdoğan bununla İstanbulun CHP-nin nəzarətindən qurtulacağına işarə edib.
R.T.Erdoğan, həmçinin “İstanbulu 5 illik depresiyadan mütləq çıxaracağıq. Biz 5 ildə gördük ki, ştatdankənar bələdiyyə sədrləyi ilə iş görmək olmaz. İstanbul heç vaxt diqqətdən kənarda qalmamalı, daim diqqətdə saxlanılmalı, problemlərinin həlli yolları tapılmalı bir şəhərdir” deyib.
Vurğulanıb ki, “İstanbula xidmət etmək üçün əvvəlcə bu şəhərə aşiq olacaqsan, sonra özünü istanbullulara həsr edəcəksən, əks halda geriyə getmək, dağılmaq qaçınılmazdır. Bütün istanbullular kimi biz də açıq şəkildə görürük ki, İstanbul daha 5 il itirməyə dözə bilməz”.
Beləliklə, görünən odur ki, AK Parti və Cümhur İttifakı bu seçkilərdə əsas bələdiyyələri, o cümlədən Ankara və İstanbulu CHP-nin “əlindən almaq” üçün tam gücü ilə hərəkətə keçib.
Cümhur İttifakını heç də təsadüfən qeyd etmədik. Məsələ burasındadır ki, AK Parti bu namizədləri həm də Cümhur İttifakındakı əsas müttəfiqi MHP ilə məsləhətləşmədən sonra elan edib. Elə M.Kurum da namizədlərin elanından sonra MHP-yə xüsusi təşəkkür bildirib.