Press "Enter" to skip to content

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

Osman Gündüz

BAYRAQDAR MEDİA – Ötən il ölkədə 5G mobil şəbəkəsinin qurulmasına hazırlıq üçün bir neçə əhəmiyyətli addım atılıb.

RİNN-in İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 5G texnologiyasının tətbiqi üçün maraqlı tərəflərlə birgə işçi qrup formalaşdırıb və bir neçə dəfə müzakirələr aparılıb.

Dövlət Radiotezliklər İdarəsi 5G-nin tətbiqi ilə bağlı konseptual sənəd hazırlayaraq Nazirliyə təqdim edib.

İKTA və DRİ 5G üçün yararlı olan tezlikləri uzun müddət öncə əldə edib istifadə edənlərlə bir xeyli danışıqlar aparandan sonra onların bu tezliklərdən könüllü olaraq imtina etməsi ilə bağlı razılıq əldə edilib.

Nazir Rəşad Nəbiyevin sədrlik etdiyi Radiotezliklər üzrə Dövlət Komissiyası ötən il dövlətə məxsus tezliklərdən daha effektiv istifadə ilə bağlı ciddi addımlar atıb, 694-790 MHs radiotezlik zolağının ATV Plus-dan alınmasına qərar verib.

RİNN-in təşəbbüsü ilə tezlikləri əlindən alınan qurumlara kompensasiya verilməsi üçün qaydalar hazırlanıb və ötən il hökumət bu qaydaları da təsdiqləyib.

Sadəcə qalır ki, bu 5G tezliklərinin mobil operatorlara hansı qaydada, hansı ödənişlə veriləcəyi müəyyənləşsin.

Düşünürəm ki, bu tezliklərin mobil operatorlara rəqabətli qaydada, auksion vasitəsilə verilməsi doğru olardı.

5G infrastrukturu üçün tənzimləyici, iqtisadi və təhlükəsizlik məsələlərinin necə qurulacağı, biznes modelin necə olacağı, ekosistemin necə formalaşacağı da hələlik qeyri-müəyyəndir.

Vahid bir 5G şəbəkəsi qurularaq bütün operatorlar ondan yaralanacaq, yoxsa hərəsi özününkünü formalaşdıracaq?

Düşünürəm ki, bütün bu suallara RİNN və İKTA tezliklə aydınlıq gətirməlidir.

Ötən il bu istiqamətdə atılan addımlar düşünmək üçün əsas verir ki, bu il ölkəmizdə 5G üçün lisenziyalar veriləcək və 5G şəbəkəsinin qurulmasına da başlanılacaq.

Gərək mobil operatorlar da “yatmasınlar” və səylərini gücləndirsinlər, bu sahəyə investisiya yatırsınlar.

Xatırladıram ki, Qazaxıstan, Ermənistan , Gürcüstan və digər qonşu ölkələrdə artıq 5G üçün lisenziyalar verilib, bəzilərində şəbəkələr də qurulub, qurulmaqda olanlar və fəaliyyətə başlayanlar da var.

Qeyd edim ki, qonşu ölkələrdə operatorlar 5G tezliyini əldə etmək üçün on milyonlarla ödəniş ediblər.

Mission News Theme by Compete Themes.