BAYRAQDAR MEDİA – TALIS 2024-ün (Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu) əsas mərhələsinin təşkilinə başlanılıb.
Bu haqda Elm və Təhsil Nazirliyinin yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə bildirilir ki, “sorğunun 2024-cü ilin fevral ayında keçirilməsi nəzərdə tutulub. Ötən il sınaq mərhələsi həyata keçirilmiş sorğunun əsas mərhələsində ölkə üzrə 222 ümumi təhsil müəssisəsindən 4 minə yaxın müəllim və müəssisə direktorlarının iştirakı planlaşdırılıb”.
Beynəlxalq sorğu 55-ə yaxın ölkədə keçirilməklə müəllim və məktəb direktorlarının peşəkar inkişafı, eləcə də onların təhsilə dair yanaşmalarını anlamaq, iş, tədris təcrübələrinin qiymətləndirilməsi kimi məsələləri tədqiq etmək məqsədilə təşkil olunur. TALIS İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 5 ildən bir keçirilir.
Qeyd edək ki, Azərbaycan TALIS sorğusunda ilk dəfə iştirak edir.