Son yeniləmə: 8 Yanvar 2024 15:15
Tennur Türk: Əgər inşaat materillarında qiymət artımı davam edərsə bu, öz növbəsində daşınmaz əmlak bazarında qiymət artımının davam etməsi demək olacaq
BAYRAQDAR MEDİA -“2023-cü il Türkiyənin daşınmaz əmlak sektoru üçün elə də ürəkaçan olmadı. Çünki Türkiyədə infilyasiyanın mövcudluğu, dolların bahalaşması öz mənfi təsirini inşaat materiallarının qiymətinə də göstərdi. Bu da ümumilikdə daşınmaz əmlak sektorunda müəyyən sıxıntıların yaranmasına yol açdı. Yəni ev, mənzil qiymətləri artmağa davam etdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Bursa Yüzyıl Gayrimenkul” şirkətinin qurucusu Tennur Türk deyib.
Bu sahədə satışlar 44,4 faiz azalıb
O, qeyd edib ki, əgər inşaat materillarında qiymət artımı davam edərsə bu, öz növbəsində daşınmaz əmlak bazarında qiymət artımının davam etməsi demək olacaq: “Digər tərəfdən Türkiyədə faiz artımları və digər bu kimi məqamlar daşınmaz əmlak bazarında satışların zəifləməsinə də səbəb oldu. Bu sahədə satışlar 44,4 faiz azaldı. Təbii ki, əcnəbilərə və kredit yolu ilə satışlarda da geriləmə oldu. Hətta deyərdim ki, bu, sonuncu sahədə satışlar hardasa durma nöqtəsinə gəlib”.
2024-cü ilin martında keçiriləcək yerli seçkilər də daşınmaz əmlak satışına təsirsiz ötüşməyib
Müsahibimizin sözlərinə görə, 2024-cü ilin martında keçiriləcək yerli seçkilər də daşınmaz əmlak satışına təsirsiz ötüşməyib: “Hər seçki öncəsi olduğu kimi bu dəfə də insanlar, o cümlədən bəlli şirkətlər hardasa “gözləmə” mövqeyinə üstünlük verirlər. Bu da təbii ki, bizim sektor üçün arzuolunan hal deyil. Mən fikrimi rəqəmlərlə diqqətə çatdırmaq istəyirəm. Təsəvvür edirsinizmi 2020-ci ildə 1 milyon 393 min 335 mənzil satılmışdısa, 2023-cü ilin 11 ayında (yanvar-noyabr) 1 milyon 87 minə qədər məınzil satılıb. Buradan da mənzil, daşınmaz əmlka satışında necə bir geriləmə olduğu aydın görünür”.
2024-cü ildəki gözləntilərə gəlincə T.Türk “bu fonda 2024-cü ildən də gözləntilərimiz böyük deyil. Çünki faiz artımlarının davam edəcəyi ehtimal olunur. Əgər bu ehtimallar özünü doğrultsa o zaman ev-mənzil bazarında da qiymət artımı davam edəcək” deyib.
2024-cü ildə topraq satışlarına marağın daha da artacağı gözlənilir
O, vurğulayıb ki, bununla belə, 2024-cü ildə topraq satışlarına marağın daha da artacağı gözlənilir: “Ona görə də il ərzində biz əsasən Türkiyədə, Bursada və KKTC-də torpaq satışlarına diqqət ayıracayıq. KKTC-ni təsadüfən demədim. Əvvəla bizim KKTC-də əməkdaşlıq etdiyimiz, iş tərəfdaşımız olan “Wotmax Estate” vasitəsilə oradakı bazaar imkanlarını gözədən keçirmək imkanımız olub. Həmçinin hazırda KKTC-də torpaq alqı-satqısı üçün qiymətlər münasibdir. Ona görə də bu sahəyə daha çox sərmayə qoymaq niyyətindəyik”.
2024-2025-ci illər dünya düzənində torpaq və qızıl ili olaraq dəyərləndirilir
T.Türk qeyd edib ki, hazırda torpaq alış-satışına sərmayə qoymaq olduqca vacibdir: “Çünki 2024-2025-ci illər dünya düzənində torpaq və qızıl ili olaraq dəyərləndirilir. Bizim planlarımız da bu şəkildədir. Eyni zamanda “Bursa Yüzyıl Gayrimenkul” şirkəti olaraq Türkiyədə, Bursada torpaq alqı- satqı sahəsinə sərmayə qoymaq istəyən iş adamları və sadə insanlara, o cümlədən Azərbaycandan olan şirkətlərə də dəstək olmağa hazırıq. Yəni, əgər Azərbaycandan, Bakıdan müştərilər olarsa sevə-sevə onların qulluğunda hazırıq. Bunun üçün sadəcə bizə müraciət edə bilərlər”.