Press "Enter" to skip to content

Orta Doğuda proseslər ikinci mərhələyə qədəm qoyub

Dr. Yücel Karauz

Son yeniləmə: 7 Yanvar 2024 13:59

Dr. Yücel Karauz: Bu mərhələdə idarə edilən terror təşkilatları dövriyyəyə soxulub

BAYRAQDAR MEDİA – “Orta Doğuda cərəyan edən proseslər ikinci mərhələyə qədəm qoyub. Birinci mərhələ İsraillə Fələsətin arasında meydana gələn hərbi qarşıdurma idi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Bütövlükdə Orta Doğunu qan gölünə döndürmək istəyirlər

Onun sözlərinə görə, bu savaşda məqsəd İsrail və ABŞ-ın Orta Doğunun yenidən formalaşdırılması istəyidir: “Hazırda da bu məqsədlə proseslərin ikinci mərhələsi başlanıb. Birinci mərhələnin mərkəz xəttini təşkil edən İsrail-HƏMAS qarşıdurması davam edərkən, ikinci mərhələdə idarə edilən terror təşkilatları dövriyyəyə soxulub. Bu terror təşkilatları əldə vasitə edilərək bütövlükdə Orta Doğunu qan gölünə döndürmək istəyirlər”.

Müsahibimiz bildirib ki, “İraqdakı türk hərbi mövqelərinə qarşı həyata keçirilən terror hücumları, İrandakı məlum terroru İŞİD-in öz üzərinə götürməsi, eyni zamanda Türkiyədə yeni il günlərində İŞİD-in kilsə və senoqoqlara planlaşdırdığı terror hücumunun qarşısının alınması və s. Bütün bunların hamısını birləşdirdikdə yuxarıda dediyimiz məqam bütün çılpaqlığı ilə ortaya çıxır. Yəni görünən odur ki, yuxarıda bəhs etdiyimiz ikinci mərhələdə terror qruplarından vasitə kimi istifadə edilir”.

Orta Doğunun yenidən formalaşdırmaq planının mərkəzində məzhəb savaşları dayanır

Dr.Y.Karauz deyib ki, bütün bu cəhdlər də olduqca təhlükəli məsələdən xəbər verir: “Söhbət məzhəb savaşlarından gedir. Yəni görünən odur ki, Orta Doğunun yenidən formalaşdırmaq planının mərkəzində məzhəb savaşları dayanır. Bu sırada da birinci hədəf İrandır. İranın İraq, Suriya və Yəməndəki təsir gücünü azaltmaq üçün düymə basılıb. İranın daxilindəki etnik qruplar kimi olduqca həssas məsələdən də istifadə ediləcəyi gözləniləndir”.

Dr.Y.Karauzun sözlərinə görə, bu qanlı ssenarilərin bir xüsusi hazırlayan qüvvə, güc vardır: “Bu da Birləşmiş Ştatlar başda olmaqla dünyanı idarə edən güclərdir. Həmin güclər öz qanlı planlarını, o cümlədən Orta Doğunu yenidən təsir dairəsinə bölmək istəklərini məhz terror təşkilatları vasitəsilə reallaşdırmaq üçün hərəkətə keçiblər”.

Mission News Theme by Compete Themes.