BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daimi mühafizə olunmaq məqsədi ilə 5 min 31 saxlama vahidi fotosənəd və 77 saxlama vahidi kinosənədi Dövlət Kino- Foto Sənədləri Arxivinə təhvil verib.
Bu haqda xəbəri yanvarın 7-də Milli Arxiv İdarəsi yayıb.
Xəbərdə bildirilir ki, “foto və kinosənədlər Prezident İlham Əliyevin 2021-2023-cü illərdə iş qrafikinə uyğun olaraq xarici ölkələrə, o cümlədən Azərbaycanın ayrı-ayrı bölgələrinə, xüsusi ilə İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərə səfərlərini, habelə rəsmi görüş və qəbullarını, beynəlxalq tədbirlərdə iştirakını və çıxışlarını, yerli və xarici ölkələrin mətbuat nümayəndələrinə verdiyi müsahibələrini, hərbi hissələrdə əsgər və zabit heyətləri ilə görüşlərini, eləcə də yeni istifadəyə verilən hərbi hissələrin açılışlarında iştirakını əks etdirir”.
Eyni zamanda Prezidentin Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında və həmin şəhərdə Gövhər Ağa məscidinin açılışında iştirakını əks etdirən foto- və kinosənədlər də qəbul olunmuş sənədlərin tərkibində ayrıca yer alıb. Hazırda Dövlət DKFSA-ya yeni qəbul olunmuş kino- və fotosənədlərin ekspertizası keçirilməklə Milli Arxiv Fonduna qəbul olunması rəsmiləşdirilir.