Press "Enter" to skip to content

Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr müzakirə edilib

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan-Özbəkistan dostluğu və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə dair 2024-cü il üzrə görüləcək işlər müzakirə olunub. Bununla bağlı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov arasında görüş keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Bildirilir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bu il Dostluq Cəmiyyətinin nümayəndə heyətinin Azərbaycana səfəri, iki ölkənin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə layihələrin reallaşdırılması, bu ildən başlayaraq Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi, bu məqsədlə Azərbaycandan müvafiq pedaqoqların dəvət olunması, qarşılıqlı mühazirələrin keçirilməsi, Özbəkistanda bu il dövlət səviyyəsində keçiriləcək Azərbaycan mədəniyyət günlərinə dair təşkilati işlərin həlli, Özbəkistanda Nizami Gəncəvi, Məhəmməd Füzuli və Maqsud Şeyxzadə irsinin təbliği, onların əsərlərinin tərcümə və nəşr layihələrinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb və sözügedən tədbirlərin, layihələrin həyata keçirilməsi razılaşdırılıb.

Qeyd edilir ki, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Özbəkistan Mədəniyyət Nazirliyinin yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin nəzdində və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.