Cəbi Quliyev: Dövlət Departamentində gerçəklikləri görmək istəyirlərsə, güzgüyə baxsınlar
BAYRAQDAR MEDİA -“Ümumiyyətlə Birləşmiş Ştatlar məsələlərə ikili standartlardan yanaşma, eynimahiyyətli proseslərə fərqli münasibət sərgiləmə baxımından dünyada bir “nümunə” formalaşdırıb. Bunu da, necə deyərlər, “ABŞsayağı demokratiya” kimi dəyərləndirmək olar. Məhz bu kontekstdən yanaşsaq, deyə bilərik ki, Dövlət Departamentinin məlum hesabatı ilə ABŞ növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi”.
Bunu ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatına münasibət bildirən Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında millət vəkili bildirib ki, sözügedən hesabatın Azərbaycana aid hissəsi əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir: “Hər kəsə, elə okeanın o tayındakılara da yaxşı məlumdur ki, dini və milli tolerantlığın hökm sürdüyü, multikultralizmin Azərbaycan modeli ilə dünyaya nümunə olan ölkəmizə qarşı belə iddiaların heç bir əsası yoxdur. Əksinə, Dövlət Departamentində gerçəklikləri görmək istəyirlərsə, güzgüyə baxsınlar. Çünki bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan məhz ABŞ-dır. Elə insanlara qarşı dini və milli ayrı-seçkiliyin tətbiqi məsələsində də ABŞ-a kimsə çata bilməz”.
C.Quliyev qeyd edib ki, bu hesabat Birləşmiş Ştatlarla bağlı başqa bir məqama da növbəti dəfə işıq saldı: “Söhbət ABŞ-ın erməni sevgisindən gedir. Məsələ burasındadır ki, hesabatın Azərbaycana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan və onun komandası tərəfindən hazırlanıb. Məlumat üçün bildirim ki, bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib. Hesab edirəm ki, bu sadalananlar Ağ Evin də, Dövlət Departamentinin də, ümimilikdə Birləşmiş Ştatların da nə qədər ermənipərəst olduğunu bir daha açıq şəkildə ortaya qoyur”.
Müsahibimiz onu da əlavə edib ki, bütün bu cəhdlərin, ABŞ-ın erməni sevgisinə əsaslanan AntiAzərbaycan addımlarının heç bir nəticəsi olmayacaq: “Birləşmiş Ştatlar indi də üstümüzə Dövlət Departamentinin məlum cızmaqarası ilə gəlir. Lakin bu cəhdlər əbəsdir. Nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu tipli cızmaqaraları ciddi hesab etmir. Azərbaycan dövləti bundan sonrakı dövrdə də siyasətini milli maraqlara uyğun davam etdirəcək. Buna heç kimin, heç bir qüvvənin, o cümlədən okeanın o tayındakıların da şübhəsi olmasın”.