Son yeniləmə: 30 Dekabr 2023 23:21
Yaxud Naxçıvanda turistlər üçün gəzməli-görməli yerlər, bir-birindən ləziz xörəklər, yaddaşlarda dərin iz buraxacaq çoxlu sayda tarixi məkanlar var
BAYRAQDAR MEDİA– Bundan öncəki yazıda qeyd etdiyimiz kimi “Ulu Öndər Heydər Əliyevin izi ilə” turu çərçivəsində səfərin ikinci günü bizi Ulu Öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq və yenidənqurma işlərinin aparıldığı “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksinə ziyarət və əsrarəngiz Ordubad səfəri gözləyirdi.
“Əshabi-Kəhf” barədə mediada yetərincə və ətraflı məlumatlar dərc edildiyi üçün, bu reportaj yazısında yenidən o məqamlara təkrar toxunmağa lüzum görmədim. Sadəcə onu deyək ki, Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada yerləşən ziyarətgahın “Ulu Öndər Heydər Əliyevin izi ilə” tur proqramına daxil edilməsi heç də təsadüfi deyil.
Belə ki, Ulu öndər Heydər Əliyev 1998-ci ildə “Əshabi-Kəhf” ziyarətgahının abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verib. “Əshabi-Kəhf” tarixi abidəsi və ziyarətgahı yenidən qurulub, burada məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıb. “Əshabi-Kəhf”də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub.
Yol gedir Ordubada
“Əshabi-Kəhf”i ziyarətdən sonra üz tuturuq əsrlər boyu tarixi hadisələrə şahidlik edən, Naxçıvanın öz daxilində belə fərqlənən Ordubada. Düzü, Ulu Öndərin “Azərbaycanın incisi” adlandırdığı bu tarixi diyara səfər edəcəyimiz xəbəri bizi çox sevindirdi. Əvvəla, bu ecazkar diyarı görmək şansı əldə edəcəkdik. İkincisi isə Ordubada getməklə Qərbi Zəngəzurun və Güney Azərbaycanın havasını da azacıq da olsa udmaq imkanı qazanacaqdıq.
Bu barədə bir az sonra. Hələlik isə qeyd edək ki, mediatur iştirakçılarının olduğu avtobuslar Ordubada istiqamətlənmək üçün yola çıxdılar. Biz də bu zaman dillər əzbəri olan o bayatını züm-zümə etməyə başladıq:
Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə qoçaq olsa
Heç verməz ordu bada
Qərbi Zəngəzur və Güney Azərbaycan havasını udmaq…
Yuxarıda bəhs etdiyimiz Qərbi Zəngəzur məsələsinə gəlincə, qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də təməlini qoyduğu, ümumi uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu dəmir yolu xətti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bu dəmiryolu xətti Füzulidə Horadizdə başlayır, daha sonra Zəngilanın Ağbənd qəsəbəsinə birləşir. Sonra isə Qərbi Zəngəzurdan keçməklə Ordubada daxil olur.
Bu məqamda vurulayaq ki, “Ulu Öndər Heydər Əliyevin izi” ilə turunun iştirakçılarına təqdim olunan Naxçıvan-Ordubad turizm marşrutu üzrə ilk olaraq Naxçıvandan Culfa və Ordubad şəhərlərinə gedən yolla tanış olduq, gələcəkdə Zəngəzur koridorunun yol-buraxılış imkanları barədə məlumat əldə etdik. Bu barədə bizi bilgiləndirən bələdçimiz Əli Cabbarov daha sonra yol üzərindəki Babək rayonunun Nehrəm qəsəbəsi, 90-cı illərin əvvələrində Ulu Öndərin Naxçıvana qayıdışı zamanı nehrəmlilərin onun ətrafında sıx birləşməsi haqda ətraflı məlumat verdi.
Eyni zamanda, marşrut boyunca biz sağ tərəfdə Araz çayı, sol tərəfdə isə Naxçıvanın simvollarından biri olan Haça dağın və Zəngəzur dağlarının əsrarəngiz mənzərəsinə tamaşa edərək, Zəngəzur dağları, Zəngəzur Milli Parkı haqqında da ətraflı məlumatlar əldə etdik.
Elə bu məqamda “Ordubada getməklə Güney Azərbaycan havası udmaq” misalının üzərində dayanaq. Məsələ burasındadır ki, Ordubada gedən yolun sağ tərəfində biz Araz çayını-Azərbaycan xalqını iki yüz il ərzində ikiyə bölmüş çay kimi tanınan Arazı daha yaxından görə bildik. Əli Cabbarov dedi ki, bu yolun bir hissəsində biz Güney Azərbaycanla sərhəddə daha yaxın məsafədən keçirik.
Elə bu məqamda, Əli Cabbarov bizə Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin dil-ədəbiyyat müəllimi Şəlalə Cabbarovanın yazdığı “Araz, Araz, Xan Araz” şeirini oxuyur:
Araz, Araz, Xan Araz
Ağrıdan axan Araz
Təbrizə gözü düşüb,
Xəzərə baxan Araz
Ay mənim Xan Arazım,
Ax bağrı qan Arazım!
Əsdi dəli hicran yeli
İçin-için yan, Arazım!
Arazın gözü qəmdi,
Gözümə qaşı bəndi.
Araza körpü saldım,
Gözümdən yaş ələndi!
Dağların qoruduğu diyar
Bu məlumatlar fonunda Ordubada daxil olduq. Ordubad turu barədə ətraflı məlumata keçməzdən öncə onu da əlavə edək ki, Dövlət Turizm Agentliyi “Ulu Öndər Heydər Əliyevin izi ilə” turuna daxil edilən əraziləri necə deyərlər, zərgər dəqiqliyi ilə seçib. Çünki onların hər birində dahi şəxsiyyətin izi var. Elə Ordubadda olduğu kimi. Ordubad memarlıq üslubu və 100-dən çox tarixi-arxeoloji abidələrinə görə məhz 1977-ci ildə Qoruq şəhər elan edilib. Bunda da Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.
Avtobusumuz şəhərə daxil olarkən Əli Cabbarov bildirdi ki, Ordubad tarix, mədəniyyət, etnoqrafiya, milli mətbəx, təbiət abidələri və müasir inkişaf baxımından təkcə Naxçıvanda deyil, eləcə də ölkəmizdə seçilər turizm destinasiyalarından biridir.
Qeyd olundu ki, Ordubad tarixən maraqlı yurd yeri olub. Tarixi çox qədimlərə gedib çıxan, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən bu şəhərin bol sulu çeşmələri, barlı-bərəkətli meyvə bağları, relyefi, mehriban insanları həmişə bura gələn səyyahların diqqətində olub. Vurğulandı ki, Ordubad zəngin turizm potensialına sahibdir.
Relyefdən söz düşmüşkən, bu gün diqqətlə baxsaq görərik ki, Naxçıvan sanki hər tərəfdən dağlarla əhatə olunub. Elə bil ki, dağlar bu gözəl diyarı hər cür təhlükələrdən qoruyurlar. Və nə hikmətdirsə mən Orbudadda olanda bunun daha çox fərqində oldum. Həmsöhbət olduğumuz mehmandarlarımızın da qeyd etdikləri kimi Ordubad gözəlliyinə, qədimliyinə, həm də dağların əhatəsində yerləşməsinə görə daha çox Şəki şəhərini xatırladır.
Qeysəriyyədən boylanan tarix
Ordubada daxil olarkən ilk üz tutduğumuz ünvan Səfəvi hökmdarı I Şah Abbas dövrünün yadigarı olan və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə bunası oldu.
Bir zamanlar I Şah Abbasın öz xanımının şərəfinə tikdirdiyi və zərgərlik bazarı kimi tanınan bu bina (Qeysəriyyə sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir-red.) hazırda Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Ordubad şəhərinin mərkəzində yerləşən və XVII əsrə aid olan bu bina ölkə əhəmiyyətli Azərbaycan memarlıq abidəsidir. Həm binanın özünün, həm tikildiyi dövrün tairixi barədə daha dolğun məlumat almaq istəyənlərə tövsiyəmiz odur ki, zaman itirmədən Ordubada səyahət etsinlər.
Qədim ipək yolu üzərində yerləşən şəhərin ipəkçilik ənənəsi
Sadəcə olaraq muzey barədə tək bir faktı qeyd etməyi vacib sayıram. Muzeydə olarkən diqqətimi burada sərgilənən ipək sap və parça, həmçinin ipəkqurdunun baramaları cəlb etdi. Onlara diqqətlə baxdığımı görən muzey bələdçilərindən biri dedi ki, qədim ipək yolu üzərində yerləşən Ordubad məşhur ipəyinə görə də tanınıb. Qeyd edildi ki, Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısından etibarən avropalıların məişətində əvəzedilməz parça kimi tanınıb. 1875-ci ildə şəhərdə buxar mühərriki ilə işləyən ipəksarıma fabriki olub.1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarıma müəssisəsi fəaliyyət göstərib.
Bələdçinin sözlərinə görə, Ordubad şəhəri həmçinin XIX əsrin ikinci yarısında da ipəkçilik baxımından fərqlənib.
Ümumiyyətlə, əsrlər boyu Ordubad ipəyi gözəlliyi və keyfiyyəti ilə ad qazanaraq beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
İçərişəhərə bənzəyən Sərşəhər, yaxud Ordubad həm də kəhrizli küçələri ilə tanınır
Muzey və Cümə məscidi ilə tanışlıqdan sonra üz tutduq Ordubadın beş ən qədim məhəlləsinə. Bu məhəllələrin mərkəzində dayanan Sərşəhər Bakının İçərişəhərinə çox bənzəyir.
Əlbəttə ki, bəzi fərqliliklər də var. Məsələn, bu fərqliliklərdən biri məhəllə və küçələrdə çeşmələrin bol olmasıdır. Bələdçimiz Natiq Paşayev dedi ki, Ordubad həm də çeşmələri, kəhrizləri ilə tanınır. Onun sözlərinə görə qədimlərdə Ordubad şəhərində yüzdən çox çeşmə və kəhriz olub: “Küçələrdəki hər bir evin altında kəhriz olub. Bu gün də onların əksəriyyəti qalır. Kəhrizlərin yer səthindən 3-10 metr dərinlikdə yerləşdirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, hamamlar burada qədim şəhər mədəniyyətini təsdiq edən faktlardır. Son illərdə onlarla belə kəhriz yenidən bərpa olunaraq əhalinin istifadəsinə verilib”.
Mistik Beşliklər
Yeri gəlmişkən, Ordubadda həm də misitik beşlik də mövcuddur. Sual edə bilərsiniz nə mistik? Məsələ burasındadır ki, şəhər, əsasən, 5 böyük məhəllədən ibarətdir.
Natiq Paşayev dedi ki, bu məhəllələr “Ambaras”, “Gürdətal”, ”Üçtürləngə”, “Mingis” (“Minkəs”) və “Sərşəhər” (“Şəşəri”) adlanır: “Bundan başqa, həmin məhəllələrə nisbətən kiçik məhəllələr də var ki, bu məhəllələrə “Bəylər”, “Qoşqar”, “Qaraçanaq”, “Dilbər”, “Əngəş”, “Əsgərxan”, “Varsan”, “Körpübaşı”, “Düz”, “Musa təngi” və s. misal göstərmək olar”.
Bu əsas məhəllələrin hər birinin öz böyük məscidi var və nə hikmətdirsə bu məscidlərin də ümumi sayı beşdir. Sonralar məhəllədaxili kiçik məscidlər də tikilib. Ancaq məscidlərin heç birinin minarəsi yoxdur.
N.Paşayevin sözlərinə görə, minarəni məscidin damında yerləşən səki əvəz edir: “Ora isə kiçik pilləkənlərlə qalxmaq mümkündür. O ki qaldı məscidlərdə minarələrin olmamasına, bunun da səbəbi Ordubad şəhərinin yerləşdiyi coğrafi ərazinin düzənlik olmamasıdır. Şəhər yuxarıdan aşağıya doğru maili şəkildə yerləşib. Bu isə səsin yuxarıdan aşağıya doğru maneəsiz yayılmasına imkan verir. Buna görə də Ordubaddakı məscidlərdə minarələrin tikilməsinə ehtiyac olmayıb”.
O da qeyd edildi ki, ənənəvi olaraq, hər məscidin qarşısında çeşmə və çinar ağaclarının olmasına da xüsusi diqqət yetirilib. Şəhərin əsas böyük meydanında yaşı yüzillərə dayanan 5 böyük çinar ağacının olması da təsadüfi deyil. Eyni zamanda nəzərə alaq ki, şəhərin planında da beş istiqamət nəzərə çarpır. Bir sözlə burada hər addımda beşlik mistikası ilə rastlaşmaq olur.
Sərşəhərdəki bir məqamı da dəyərli oxucuların diqqətinə çatdırmağı özümüzü borc bilrik. Qapılarda iki qapıdöyən (zəng əvəzi) var. Biri qalın, biri nazik. Qədimdə qapıları qalınla kişilər, naziklə qadınlar döyərmiş. Bununla da ev yiyəsi çağıranın qadın, yoxsa kişi olduğnu bilərmiş.
Ordubadın inkişafı nümayəndəliyin diqqət mərkəzindədir
Beləliklə, Ordubad turumuz da başa çatdı. Sonda bu qənaət hasil oldu ki, Ordubadın, ümumilikdə Naxçıvanın geniş turizm potensialı var. Zəngəzur dəhlizi açıldıqdan, Azərbaycanın digər bölgələri ilə Naxçıvanın quru əlaqəsi bərpa olunduqdan sonra bu bölgəyə turist axını daha da artacaq. Turizmdən söz düşmüşkən, bu məsələ nümayəndəliyin də diqqət mərkəzindədir.
Bu günlərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda sakinlərlə görüşündə deyib ki, burada 2024-cü ildən mühüm infrastruktur layihələri reallaşdırılacaq. Qeyd edilib ki, Azərbaycanın turizm incisi olan Ordubad şəhərində yeni otel kompleksi tikiləcək, şəhərin Anbaras və Sərşəhər məhəllələri şəhərin yeni baş planına uyğun yenidən qurulacaq, Ordubad abidələri və tarixi yerlər elmi əsaslarla, orijinal quruluşu saxlanılmaqla bərpa olunacaq, şəhərdə inşa olunacaq Şəhidlər Memorial Abidə Kompleksində Ordubadın qəhrəman oğullarının xatirələri əbədiləşdiriləcək.
Bundan başqa Ordubad şəhərində yeni uşaq bağçası,yeni istehsal müəssisələri, Kələntər Dizə kəndində müasir məktəb binası inşa olunacaq. Qəsəbə və kəndlərdə infrastrukturlar yenilənəcək, yollar və körpülər inşa ediləcək. Bütün bunlar həm əhalinin rifah halını yüksəldəcək, həm də Ordubadı turistlər üçün daha da cəlbedici edəcək.
İnsanları kimi təbiəti də qonaqpərvər və səxavətli diyar – 1