BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu 2023-cü ilin 30 dekabr tarixindən shura@edu.gov.az poçt ünvanına göndərilməklə aparılacaq. Sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində yekunlaşacaq”.
Qeyd edək ki, İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə komissiyanın yaradılması barədə əmr imzalanıb. Elm və təhsil nazirinin imzaladığı əmrə əsasən, bu sahədə dövlət siyasətinin formalaşdırılması və hüquqi aktların hazırlanmasına dair təkliflərin verilməsi, ictimai müzakirələrin təşkili, ictimai və yerli əhəmiyyət daşıyan məsələlərin həll olunması, nazirliyin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi məqsədilə yeni şura yaradılacaq. Seçki komissiyası tərəfindən İctimai Şuraya seçkilərin təşkili, o cümlədən üzvlərin say həddinin müəyyən edilməsi barədə tədbirlər həyata keçiriləcək.