BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 123-ə çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Məlumata görə, “Startap” şəhadətnamələri “Qarabug” MMC-nin rəqəmsal infrastrukturun təhlükəsizlik testləri xidməti, “UNİNTURKEY” MMC-nin universitetlərə qəbul üçün onlayn vasitəçi xidməti, “Metprof” MMC-nin innovativ reduktorla təchiz edilmiş pambıq yükləyicilərinin istehsalı,”Alfa Hospitality” MMC-nin qidalanma prosesini optimallaşdıran platforma və mobil tətbiq, “Trendbazar” MMC-nin onlayn ticarət platforması (marketpleys) layihələri üçün təqdim edilib.
Məlumatda vurğulanır ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir: “Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar”.