Press "Enter" to skip to content

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat

BAYRAQDAR MEDİA – Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) həyata keçirdiyi “Ana dili – Azərbaycan məktəbi” layihəsinin ikinci yarımili üzrə qeydiyyat davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AGMA-dan daxil olub.

Xəbərdə deyilir ki, “qeydiyyat prosesi 7 yanvar 2024-cü il tarixində başa çatacaq. İkinci yarımil üzrə dərslər 15 yanvar – 15 aprel 2024-cü il tarixlərini əhatə edəcək. Bildirək ki, layihənin birinci yarımili 15 sentyabr – 25 dekabr tarixlərini əhatə edib. Onlayn dərslərdə 359 nəfər xaricdə yaşayan azərbaycanlı iştirak edib. Ümumilikdə 36 qrup üzrə dərslər təşkil edilib. Birinci yarımilin yekununda imtahandan uğurla keçən 218 iştirakçıya sertifikat təqdim olunub. Birinci yarımili uğurla yekunlaşdıran iştirakçılar növbəti səviyyə üzrə ikinci yarımildə təhsilini davam etdirəcək”.

Qeyd edək ki, 2023–2024-cü tədris ilini əhatə edəcək layihə Azərbaycandan kənarda yaşayan soydaşlar üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə 2 dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.

Layihə çərçivəsində proqramı uğurla bitirən və dərslərdə yüksək nəticə göstərən həmvətənlərin iştirakı ilə Bakı şəhərində yay məktəbinin təşkili nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.