BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Kukla Teatrının balacalara bayram ərməğanı olan “Qış nağılı” tamaşası böyük maraqla qarşılanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “səhnə işi xüsusi olaraq məktəblilərin qış tətili günləri, Yeni il münasibəti ilə hazırlanıb. Dekabrın 28-də premyerası keçirilmiş tamaşanın ilk izləyiciləri bu dəfə də Vətən müharibəsi şəhidi və qazilərinin, eləcə də torpaqların keşiyində dayanan hərbçilərin övladları olub. Günün ikinci premyerası isə sağlamlıq imkanları məhdud balaca tamaşaçılar üçün nəzərdə tutulub. Teatrın mütəmadi həyata keçirdiyi sosial-mədəni aksiyasına uyğun olaraq 200 nəfərə yaxın müxtəlif həssas qruplara aid uşaq və yeniyetmə tamaşanı izləmək şansı qazanıb. Tamaşaçıların coşqu ilə seyr etdikləri nümayişdən sonra onlara teatrın daxili imkanlar hesabına alınmış bayram hədiyyələri də paylanıb”.
Qeyd edək ki, səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı birhissəli uşaq tamaşasında mövzu da müasir uşaqlar və onların əyləncə dünyasını əhatə edir. Bir saatlıq tamaşa müddətində uşaqlara həm sosial şəbəkələrin, onlayn platformalar və mobil telefonların, daha doğrusu, bu vasitələr ilə uzun zaman keçirməyin zərərləri aşılanır, həm də şifahi xalq ədəbiyyatı nümunələrindən seçilən məşhur personajlar və hadisələr vasitəsilə mütaliəyə maraq yaradılır.
Qeyd edək ki, tamaşa 4 yanvar 2024-cü ilədək hər gün 4 seans (12, 14, 16, 18:00) olmaqla nümayiş olunacaq.