BAYRAQDAR MEDİA – Dekabrın 27-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə qəbul keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə deyilir ki, “tədbiri giriş sözü ilə açan Fondun prezidenti Aktotı Raimkulova təşkilatın yaradılmasında təşəbbüsünə görə Prezident İlham Əliyevə, göstərilən dəstəyə görə Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarına təşəkkür edib. O, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi kimi əlamətdar tarixlər və Azərbaycanın Qarabağ Zəfəri münasibəti ilə bütün Türk Dünyasını təbrik edib. Fondun prezidenti Azərbaycanın qazandığı şanlı qələbənin bütün Türk Dünyasını birləşdirdiyini vurğulayıb. A.Raimkulova qurulduğu gündən etibarən türk xalqlarının maddi-mədəni dəyərlərinin qorunması və beynəlxalq aləmdə tanıdılması, əlaqələrinin gücləndirilməsi yönündə çoxsaylı layihələr həyata keçirmiş Fondun fəaliyyətinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib”.
Tədbirin bədii hissəsində nümayiş etdirilən konsert proqramında “Turan” etno-folklor ansamblı və “Zəfər” muğam qrupunun ifalarında türk xalqlarının musiqisi səsləndirilib.
Qonaqlara türk xalqlarının milli mətbəx nümunələri təqdim olunub.
Qeyd edək ki, tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, millət vəkilləri, tanınmış mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri, media təmsilçiləri iştirak ediblər.