Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Lalə Rüstəmova: “Qızılca peyvəndləmə ilə idarə olunan yoluxucu xəstəliklər qrupuna daxildir”
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Lalə Rüstəmova qızılca infeksiyası haqqında məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “L.Rüstəmova deyib ki, qızılca hava-damcı yolu ilə ötürülən virus infeksiyasıdır və onun etioloji amili “Paramyxoviridae” fəsiləsinin Morbilli virus cinsinə aid olan RNT tərkibli virusdur: “Virus sferik formada olub, diametri 120-230 nm-dir. Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir. İnfeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günündən səpgilərin 4-cü gününə qədər yoluxdurucu olur. Səpgilərin 5-ci günü xəstə artıq yoluxdurucu olmur. Xəstədə 38-40°С hərarət, zökəm, quru öskürək, işıqdan qorxma, baş ağrısı, konyuktivanın qızarması, əsnəyin hiperemiyası, enantema (bərk və yumşaq damaqda qırmızı ləkələr) qeyd olunur””.
L.Rüstəmova qızılca üçün əhalinin peyvənd olunmasının əhəmiyyəti barədə danışıb: “Qızılca infeksiyasının eliminasiyası üçün əhalinin qızılcaya qarşı kollektiv immunitetinin vəziyyətinin monitorinqi də mühüm məlumat verir. Qızılca infeksiyasına qarşı vaksinasiya dünyanın əksər ölkəsində, o cümlədən də Azərbaycan Respublikasında Milli Peyvəndlər Təqviminə daxildir.
Qızılca peyvəndi 2 dozada vurulur: biri 1 yaşda, digəri isə 4-6 yaş arasında. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu 95%-dir. İlk peyvənddən 4 həftə keçibsə, ikinci peyvəndi vurmaq olar. Peyvəndlə yanaşı, üşaqların qorunması da son dərəcə vacibdir. 6 aydan əvvəl uşaqlara peyvənd vurulmur, əgər qızılca kütləvi hal alıbsa, 6 aydan sonra, yəni 1 yaşı gözləmədən peyvəndləmək olar”.
O, həmçinin deyib ki, vaksinasiya aparıldığına görə, qızılca idarə olunan infeksiyalar qrupuna daxildir.