BAYRAQDAR MEDİA – Dekabrın 27-də Suraxanı Gənclər Evində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Sağlam həyat öz əlimizdədir!” adlı zərərli vərdişlərə qarşı ilin maarifləndirici yekun tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən müəssisədən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Polis İdarəsinin, Bakı Şəhər Gənclər və İdman sektorunun əməkdaşları, Bakı Qida Sənaye Kollecinin müəllim heyəti, tələbələri, həmçinin Suraxanı rayon 85 saylı tam orta məktəbin müəllim və şagirdləri və s. iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Liderin və Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqlar çıxış edərək gənclər arasında zərərli vərdişlərə qarşı mübarizənin əhəmiyyəti barədə danışıb, bu işdə müəllimlərin, psixoloqların, valideynlərin üzərinə düşən vacib məsələlərə toxunublar, zəruri tövsiyələr veriblər. Bildirilib ki, zərərli vərdişlərdən olan narkomaniya təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır”.
Tədbir zamanı gənclərə siqaret, alkoqol, narkomaniya kimi ziyanlı vərdişlər haqqında geniş məlumat verilib. O da qeyd edilib ki, Suraxanı Gənclər Evində bu istiqamətdə maarifləndirmə işi mütəmadi olaraq təşkil edilir, görüşlər keçirilir, gənclərə sağlam həyat tərzi aşılanır.
Qeyd edək ki, debat formatında keçirilən tədbir qonaqlar və iştirakçılar tərəfindən müsbət qarşılanıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib.