Son yeniləmə: 28 Dekabr 2023 14:20
Fuad Nəcəfli: 2024-cü ildən Ordubadda da mühüm infrastruktur layihələri reallaşdırılacaq
BAYRAQDAR MEDİA – Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya səlahiyyətli nümayəndəlikdən məlumat verilib.
Bu cür görüşlər nöqsan və çatışmazlıqların müəyyənləşdirilməsi, həmçinin həllində mühüm rol oynayır
Bildirilib ki, “görüşdən əvvəl səlahiyyətli nümayəndə Fuad Nəcəfli və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Ümummilli Liderimiz Heydər Əliyevin Ordubad şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra vətəndaşları qəbul edən səlahiyyətli nümayəndə ötən dövrdə də sakinlərlə görüşlərin keçirildiyini, bu cür görüşlərin nöqsan və çatışmazlıqların müəyyənləşdirilməsi və həllində mühüm rol oynadığını bildirib.Vurğulayıb ki, il ərzində rayonun bir sıra yaşayış məntəqələrində su təminatı yaxşılaşdırılıb, yollar yenidən qurulub, körpülər tikilib və digər tədbirlər görülüb”.
Məlumata görə, Fuad Nəcəfli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın belə tədbirlərin növbəti ildən daha geniş və əhatəli şəkildə təşkilinə imkan verəcəyini bildirib. Fuad Nəcəfli deyib ki, 2024-cü ildən Ordubadda da mühüm infrastruktur layihələri reallaşdırılacaq.
Bu yaşayış məntəqələri sırasında Ordubadın Düylün kəndi də var
Məlumata əsasən, Fuad Nəcəfli vurğulayıb ki, ötən dövrdə aparılan vətəndaş qəbulları nəticəsində qlobal istiləşmə zəminində muxtar respublikada əhalinin ən çox əziyyət çəkdiyi problemlərin əsasında içməli su təminatının dayandığı müəyyən edilib: “Naxçıvanda bu baxımdan ən çox əziyyət çəkən 12 yaşayış məntəqəsi müəyyənləşdirilib və mövcud problemlərin qısa zamanda aradan qaldırılması üçün iş aparılır. Bu yaşayış məntəqələri sırasında Ordubadın Düylün kəndi də var. Səlahiyyətli nümayəndə qeyd edib ki, ölkəmiz üçün olduqca uğurlu il olan 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini, Ulu Öndərin siyasətini uğurla davam etdirərək ölkəmizi zəfərdən zəfərə aparan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20 illiyini və digər mötəbər tədbirləri qeyd etdik. Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyimiz tam bərpa olundu. Növbəti il isə ölkəmizin bütün ərazisində prezident seçkilərinin keçirilməsi ilə yaddaqalan olacaq”.
Görüşdə iştirak edən rayon sakinlərinin hər biri ilə fərdi söhbət aparılıb
Məlumatda, həmçinin deyilir ki, Fuad Nəcəfli bu cür görüşlərdə fəal iştirak etməklə mövcud problemlərin gündəmə gətirilməsinə və həllinə dəstək göstərdiklərinə görə Ordubad rayon ictimaiyyətinə təşəkkür edib, hər kəsi gələn il səsvermə hüququndan istifadə etməyə səsləyib.
Sonra görüşdə iştirak edən rayon sakinlərinin hər biri ilə fərdi söhbət aparılıb, onların problemləri və təklifləri dinlənilib. Müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilib”.