BAYRAQDAR MEDİA – Dekabrın 27-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 2023-cü ildəki son iclası keçirilib.
Xəbər BAYRADAR MEDİA-ya dekabrın 28-də MŞ-dən daxil olub.
Bildirilir ki, “əvvəlcə MŞ sədrinin hesabatı dinlənilib. Hesabat İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı olub. R.Məcid ötən müddətdə rəhbərlik etdiyi qurum tərəfindən 3 bəyanatın və 1 nekroloqun yayıldığını, 1 əməkdaşlıq memorandumuna imza atıldığını, 2 tematik tədbirin, TƏBİB və Medianın İnkişafı Agentliyi ilə birgə 1 jurnalist müsabiqəsinin, həmçinin mediamızda xidmətləri olan şəxslərlə bağlı 5 yubiley tədbirinin keçirildiyini diqqətə çatdırıb. O, bildirib ki, MŞ İdarə Heyətinin üzvləri Respublikamızda və xaricdə reallaşmış çoxsaylı tədbirlərə qatılıblar. R.Məcid bu baxımdan Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirakın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb”.
Daha sonra qeyd edilir ki, “MŞ sədri bununla yanaşı, Şuranın Şikayətlər üzrə Komissiyasının fəal işlədiyini vurğulayıb. O, bildirib ki, hesabat dövründə Mətbuat Şurasında müxtəlif vətəndaş qruplarından, idarə, müəssisə və təşkilatlardan yazılı və şifahi olmaqla, ümumilikdə 14 şikayət üzrə müvafiq prosedur fəaliyyəti həyata keçirilib. Şikayətlərdən 6-sı Şikayətlər üzrə Komissiyanın, 1-i isə Etika Komissiyasının müzakirəsinə təqdim edilib. 6 şikayətdən 3-ü bilavasitə qərar qəbulu üçün İdarə Heyətinə çıxarılıb. Habelə, Etika Komissiyasında müzakirəsi aparılan 1, katiblikdə nəzərdən keçirilən 7 şikayət üzrə tərəflər arasında barışıq əldə olunub”.
O da bildirilir ki, “R.Məcid çıxışında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurası auditoriyasının istifadəyə verildiyini, ilk dəfə olaraq orada qurumun Şikayətlər üzrə Komissiyasının iclasının təşkil olunduğunu vurğulayıb. O bildirib ki, iclasın tələbələrin iştirakı ilə keçirilməsi onların praktik fəaliyyətdəki nöqsanlarla tanışlığı baxımından əhəmiyyətlidir. Buna görə də o, həm Şikayətlər üzrə Komissiyanın, həm də Etika Komissiyasının gələcək iclaslarının həmin auditoriyada təşkil olunmasını təklif edib. Təklif yekdilliklə bəyənilib”.
Bundan sonra “iclasda MŞ-nin Beynəlxalq əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli Komissiya üzvü Yadigar Məmmədli ilə birlikdə qatıldığı Avropa Müstəqil Mətbuat Şuraları Alyansının Belçikanın Antverpen şəhərində keçirilmiş illik toplantısı barədə məlumat verib. M.Ələsgərli bildirib ki, tədbirdə müxtəlif ölkələrdəki Mətbuat Şuralarının fəaliyyətinin müasir medianın iş prinsipləri ilə uyğunlaşdırılması, mövcud xüsusda etik kodekslərə dəyişikliklərin aparılması, habelə rəqəmsal media dövründə müəllif hüquqlarının qorunması məsələləri ətrafında müzakirələr aparılıb. Y.Məmmədli isə çıxışında bildirib ki, Alyansın 2025-ci ildəki illik toplantısına ev sahibliyi üçün Azərbaycanın namizədliyi irəli sürülüb və qarşıdakı müddətdə məsələ diqqətdə saxlanılacaq”.
“Şikayətlər üzrə Komissiyasının gördüyü işlərlə bağlı Komissiya sədri, MŞ sədrinin müavini Vüqar Zifəroğlunun məlumatı dinlənilib. Mövcud xüsusdakı müzakirələrdə ayrı-ayrı xəbər saytlarının peşə prinsipləri ilə yanaşı, “Media haqqında” Qanunun da tələblərini pozmaları – özlərinin əlaqə vasitələrinin yerləşdirilməsinə etinasız yanaşmaları üzərində dayanılıb. Bu kimi halların xüsusən .com domeni ilə fəaliyyət göstərən elektron media vasitələri üçün xarakterik olduğu önə çəkilib”, – deyə xəbərdə bildirilir.
Xəbərdə həm də qeyd edilir ki, “iclasda, həmçinin media orqanlarının məhkəmə proseslərindən hazırladığı materiallarla bağlı vətəndaş şikayətlərinin motivlərinə diqqət yetirilib. Bildirilib ki, jurnalistlər açıq məhkəmə proseslərindən reportajlar hazırlamaqda sərbəstdirlər. Ancaq bu zaman təqsirləndirilən şəxslərin özlərinin və əməllərinin həssaslıq dərəcəsindən asılı olaraq onların ad və soyadlarının açıqlanmasından çəkinməli, şərti adlarla məhdudlaşmalı, fotoların verilməsindən uzaq durmalıdırlar. Şuraya bəzi şikayətlərdə məhz bunlara diqqət yetirilməməsindən narazılıqlar ifadə olunmaqdadır”.
MŞ bildirir ki, “iclasda, həmçinin Azərbaycan jurnalistikasında peşə prinsiplərinin və ədəbi dil normalarının pozulması ilə bağlı ayrı-ayrı məqamlar ətrafında da geniş müzakirə aparılıb”.