Son yeniləmə: 28 Dekabr 2023 13:22
Kənan Qurbanov: Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında artım müşahidə olunur
BAYRAQDAR MEDİA – “Ümumilikdə 2023-cü il digər sahələrdə olduğu kimi, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında da müsbət nəticələrlə yadda qalıb. Əldə edilən nəticə 2023-cü ilin bizim təşkilat üçün də uğurlu olduğunu deməyə əsas verir”.
Bunu “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyinin baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş təbirdə bildirib.
Media nümayəndələri qarşısında hesabatla çıxış edən K.Qurbanov deyib ki, 2020-ci ilin müvafiq dövrü ilə 2023-cü il göstəricilərinin müqayisəsi daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişləndiyini, daşıyıcıların sayının, eləcə də Azərbaycan daşıyıcılarının bazar paylarının daha da artdığını göstərir: “Bazarın genişlənməsi sayəsində Azərbaycanın ikitərəfli daşımalar üzrə beynəlxalq avtomobil daşımaları bazarı 14 faizlik böyümə deməkdir”.
Yeri gəlmişkən, bəhs edilən dövrdə Azərbaycanın beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı da artıb. K.Qurbanovun sözlərinə görə, bu say 11 min 960 olub ki, bu da 2021-cü illə müqayisədə 9 min 560 çox nəqliyyat vasitəsi deməkdir. Çünki 2021-ci ildə bu say təxminən 2 min 400 təşkil edib.
Baş katib əvəzi qeyd edib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 9 faiz artıb: “Artım dinamikası özünü üçüncü ölkə daşımaları üzrə göstəricilərdə də göstərir. Belə ki, 2023-cü ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan daşıyıcıları tərəfindən həyata keçirilən üçüncü ölkə daşımaları 2 dəfə artıb”.