Press "Enter" to skip to content

Azərbaycanlı alim qardaş ölkədə ustad dərsi keçib

Dos. Aynur İbrahimova tələbələr qarşısında

BAYRAQDAR MEDİA – Folklor İnstitutunun əməkdaşı Özbəkistanın Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunda “Ulu Öndər Heydər Əliyev və Azərbaycan-Özbəkistan mədəni əlaqələri” mövzusunda ustad dərsi keçib.

Xəbəri dekabrın 28-də sözügedən İnstitut yayıb.

Xəbərdə bildirilir ki, “AMEA Folklor İnstitutu Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, Dos. Aynur İbrahimova Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru, Prof. Dilnoza Xocayevanın xüsusi dəvəti ilə 13-23 dekabr 2023-cü il tarixlərində həmin İnstitutun Filologiya fakültəsində ustad dərsləri keçib”.

Tələbələr Azərbaycanlı alimi maraqla dinləyir
Tələbələr Azərbaycanlı alimi maraqla dinləyir

Daha sonra deyilir ki, “əməkdaşımızın fakültənin 1-3-cü kurslarında “Ulu Öndər Heydər Əliyev və Azərbaycan-Özbəkistan mədəni əlaqələri”, “Azərbaycan folkloru və türk arealı”, “Azərbaycan şifahi xalq ədəbiyyatının növləri və janrları”, “Folklor və tarix”, “Qədim türk dastan və eposları”, “Özbək və Azərbaycan folklor tədqiqatçıları”, “Folklor və yazılı ədəbiyyat əlaqələri” mövzularında mühazirələri auditoriya tərəfindən maraqla qarşılanıb və tələbələrin mövzu ətrafında geniş elmi diskussiyası ilə davam edib”.

O da qeyd edilir ki, “səfər çərçivəsində əməkdaşımız mütəmadi olaraq Filologiya fakültəsinin dekanı, Dos. Barno Həsənova, Özbək Dili və Ədəbiyyatı kafedrasının müdiri, Dos. Barnoxan Abdulrəhmanova və İnstitutun müəllim heyəti ilə görüşüb, özbək və Azərbaycan ədəbi əlaqələri, müasir folklorşünaslığın aktual problemləri ətrafında söhbətlər aparıb. A.İbrahimova İnstitutun Xatun Qızlar Komitə sədri, rektor məsləhətçisi, Dos. Zarifa Baytemirova və təşkilat üzvləri ilə görüşüb, qadınlarımızın ölkənin siyasi və ictimai həyatındakı iştirakından, ailə və cəmiyyətdəki yeri və rolundan söz açıb. O, dərslərdə aktiv iştirak edən və yüksək nəticələr göstərən tələbələrə sertifikatların təqdim olunma mərasimində də iştirak edib, qarşılıqlı hədiyyələr verilərək tələbə və müəllim heyəti ilə xatirə şəkilləri çəkdirilib”.

Tələbələrə sertifikatlar təqdim edilib
Tələbələrə sertifikatlar təqdim edilib

“Səfərin sonunda Aynur İbrahimova dəvət olunduğu Kokand Dövlət Pedaqoji İnstitutunun beynəlxalq əməkdaşlıq üzrə prorektoru Nigora Kadırova və İnstitutun İdarə Heyəti ilə görüşüb. Görüşdə Özbəkistan-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin tarixindən, perspektivlərindən söz açılaraq hər iki ölkə arasında elmi əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Folklor İnstitutu ilə Kokand Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb və gələcək elmi-mədəni əlaqələrin daha intensiv olacağı vurğulanıb”, – deyə xəbərdə bildirilir.

O da bildirilir ki, “Aynur İbrahimova Kokand Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində keçdiyi səmərəli dərslərə görə rektor Dilnoza Xocayeva tərəfindən Təşəkkürnamə ilə təltif olunub”.

Mission News Theme by Compete Themes.