Son yeniləmə: 28 Dekabr 2023 11:17
Elman Cəfərli: Bu, Azərbaycanın ətraf mühitin qorunması, su və meşə ehtiyatlarının mühafizəsi ilə bağlı beynəlxalq çağırışlara əməli dəstəyinin təzahürüdür
BAYRAQDAR MEDİA – “Son illər Azərbaycanda ətraf mühitin qorunması, su resurslarının mühafizəsi ilə bağlı ciddi qərarlar qəbul olunub, müəyyən addımlar atılıb. İri qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə nəhəng ağacəkmə aksiyaları keçirilib. Bu işdə rəsmi qurumlarla yanaşı vətəndaş cəmiyyəti, ayrı-ayrı kollektivlər də iştirak edir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O, qeyd edib ki, 2019-cu ildə “Nəsimi ili” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində 650 min ağac əkilmişdi: “Son illər Azərbaycan bərpa olunan enerji sektorunun yaradılması istiqamətində önəmli addımlar atılıb. Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Bu il Azərbaycan Dubayda keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına-COP-28-də böyük heyətlə iştirak etdi. Bakı gələn il COP-29-a ev sahibliyi edəcək. Bu tədbirin Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi güvənin nəticəsidir”.
Bildirilib ki, “Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın ətraf mühitin qorunması, su və meşə ehtiyatlarının mühafizəsi ilə bağlı beynəlxalq çağırışlara əməli dəstəyinin təzahürüdür. Hesab edirəm ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkədə meşə sahələrinin mühafizəsi və genişləndirilməsi, su ehtiyatlardan səmərəli istifadənin tətbiqi, böyük tikinti-quruculuq işlərində yaşıl texnologiyalardan istifadə sahəsində mühüm addımlar atılacaq, ciddi layihələr həyata keçiriləcək. Bakının və digər iri şəhərlərin nəqliyyat infrasturkturunda ekoloji texnologiyaların geniş tətbiqi arzuolunandır. Velosiped yollarının və digər ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi qarşıda duran vəzifədir. Çox yaxşı olardı ki, Bakıda və digər iri şəhərlərdə çoxillik ağacların kəsilməsi hallarının qarşısı birdəflik alınsın. Meşə sahələrinin mühafizəsinin gücləndirilməsi, bu işdə yeni texnologiyalarıln tətbiqi də yaxşı olardı”.