Press "Enter" to skip to content

Səudiyyə Ərəbistanı da AQEM-i seçdi

Səudiyyə Ərəbistanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) müşahidəçi dövlət kimi qoşulub

Son yeniləmə: 27 Dekabr 2023 12:09

BAYRAQDAR MEDİA – Səudiyyə Ərəbistanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) müşahidəçi dövlət kimi qoşulub. Bununla da təşkilatın Asiyada sülh və təhlükəsizliyi təşviq etmək üçün atılan addımlar, həmçinin AQEM-in coğrafi baxımdan daha genişlənməsi üçün növbəti mühüm mərhələyə qədəm qoyulub.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya dekabrın 27-də verilən məlumata görə, Səudiyyə Ərəbistanının müşahidəçi statusu ilə bağlı müraciəti dekabrın 12-də AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında ilkin olaraq bəyənilib və ölkəyə müşahidəçi statusunun verilməsi barədə qərar dekabrın 26-da qurumun Nazirlər Şurası tərəfindən qəbul edilib.

Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanı Fars Körfəzi ölkələrindən biridir. Qeyd edək ki, AQEM-də sözügedən regiondan indiyə kimi Bəhreyn, Qətər, Küveyt və BƏƏ təmsil olunurlar: “Səudiyyə Ərəbistanı Krallığı üçün müşahidəçi statusu sözügedən regionun AQEM-də təmsilçiliyini daha da artıracaq və beləliklə, Asiya üzrə əməkdaşlığı genişləndirəcək və zənginləşdirəcək. Səudiyyə Ərəbistanı Krallığı Asiyada və dünyanın qalan hissəsində çoxtərəfliliyin təşviqinə fəal töhfə verir. Hazırda Səudiyyə Ərəbistanı müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən AQEM-də müşahidəçi təşkilatı olan Ərəb Dövlətləri Liqasında, İslam Əməkdaşlıq Təşkilatında və Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) fəal şəkildə iştirak edir. Səudiyyə Ərəbistanının AQEM-də müşahidəçi dövləti olmaq istəyi qlobal və regional problemlərin həllində kollektiv səylərin vacibliyini bir daha önə çəkir və regionun daha vahid beynəlxalq ictimaiyyət üçün birgə istəyini əks etdirir”.

O da bildirilir ki, “son üç il ərzində AQEM ailəsi əhəmiyyətli dərəcədə böyüyüb. Təşkilatın genişlənməsi CICA üçün çox müsbət hadisədir və onun ümumAsiya təşkilatı kimi gələcək inkişafı üçün əvəzsiz əhəmiyyət kəsb edir”.

Məlumat üçün bildirək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstanın o zamankı Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülmüşdür. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olmuşdur. Azərbaycan AQEM-in çağırılması ilə bağlı təşəbbüsü dəstəkləyən ilk dövlətlərdən biri olmuşdur və hazırda da AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir.

Mission News Theme by Compete Themes.